Kişi hamiləliyi (MARAQLI)

Gülnarə RƏFİQ

Bu başlığa etiraz edənlərin sayı onu oxuyanlar qədər olacaq yəqin. «Yoxdur belə bir şey, müəllifin uydurmasıdır!» deyəcəksiz. Nə olsun, siz deyirsiz ki, Marsda həyat yoxdur, amma orda gil, su axarları tapılır və nə vaxtsa buralarda həyat olduğunu göstərir. Siz olmayan şeylərdən, sevgidən, sadiqlikdən, səadətdən və bu tipli müxtəlif uydurmalardan cildlərlə kitab yazırsız, qulağımıza pıçıldayırsız, biz ki, inanırıq. Bu dəfə siz də mənə kor-koranə inanın. Bu etibarınız yazının sonunacan sönsə, bundan sonra da «Kişi hamiləliyi yoxdur!» deyib dura bilərsiz.

Getmə gözümdən, gedərəm özümdən

Əvvəl oxşar cəhətlərimizi sadalayaq. Qadının hamilə qalması üçün yanında kişi olmalıdır, heç olmasa qısa müddətlik. Düzdü, yanında olmaq çooox ədəbli səslənir. Amma mən bir dənə də kişi tanımıram ki, qadın yanında olarkən nə etmək olduğunu bilməsin. Geninə yazılmış bu proqram heç vaxt donmur, «perezaqruska» istəmir, hətta antivirussuz də işləyir. Qadının hamilə olması üçün yanında kişi olması lazımsa, kişi hamiləliyində o, qadının yanında olmasını hətta tələb edir, bəzən isterik şəkildə. Özü də qamarladısa ən azı «doğanacan» əlindən buraxan deyil. Neynək, bizim bir-birimizə ehtiyacımız var. Kişilər də hamilə vaxtı çox kaprizli olur. «Getmə gözümdən, gedərəm özümdən» adlana biləcək tələblər kodeksində ən sadəsi sayılacaq tələb «Eyvana çıxma, lap paltar sərmək lazımsa belə»dən tutmuş «Bilirəm ki, yalnız məni düşünürsən»ə qədər ən absurd istəklər hamısı nəzəriyyədən birbaşa praktikaya keçir. Bəzi millətlərdə «Mən birincinəm, məndən əvvəl kiminsə olubmi?» kimi biz məsum görünən suallar səslənir. Amma bizim kişilər dünyanı narahat edən bu sualları qlobal, milli miqyasda artıq həll edib sakitcənə yerlərində oturublar. Xırda para məsələləri yengələr həll edir, özü də bir balaca şirinlik ödəməklə. Bilirsiz də, yengələr isə həmişə qadınlar olur.

Qışda şaftalı tapmağa nə var ki?

Hamilə olan qadının istəkləri hamısı yerinə yetəndir. Qışın ortasında şaftalını da, çiyələyi də, tortu da, turşunu da, şor xiayrı da bazar-dükandan almaq olar. Ola bilər arada bir balaca sığal istəyər, söykənməyə möhkəm çiyin, dayaqlanmağa bir dirsək. Heç bu da hamıda olmur. Olmasa isə doğulacaq uşağın sağlamlığına xələl gətirməz. Tənha qadınlar bəyəm doğmur? Amma kişilər hamilə olanda vəzifəyə qalxacaq pillələrin hərəsinə bir qadın uzanmasa o heç ayağını oralara basan deyil. İstədiyi yüksəkliyə qalxmağa nail olanda bənna köhnə daşları bahalı daş plitələrlə örtdüyü kimi kişilər də ətrafındakı boşluğu qadınlarla doldurur. Bunun adını katibə, məsləhətçi, əməkdaş, kolleqa və s. həqiqətə uyğun olmayan müxtəlif adlarla adlandırırlar.

Cəmiyyət bağırsaq kimi kişinin boynuna dolaşır

Qadının hamiləliyinin müddəti var. Nağıllarda deyildiyi kimi 9 ay, 9 gün, 9 saat. Dəbdə olan üsulla, yəni qeysər əməliyyatı ilə bu məsələ 1-2 həftə tez başa gəlir. Kişinin boynuna fikir düşübsə nəticəsini görmək illər uzunu çəkə bilər. Uşağın boynuna dolanan bağırsaq körpəni öldürə bildiyi kimi cəmiyyətdəki problemlər dolaşır kişilərin əl-ayağına, nəfəsini çəkməyə imkan vermir. Baxmayaraq ki, məişət qayğıları artıq qadınların çiynindədir. Qab, paltar yumaqdan tutmuş, cismin tələblərinin ödənilməsinə qədər. Kişilərə bircə əməlli başlı bir şey «doğmaq» qalır. Təəssüf hissiylə deməliyəm ki, kişilərin «uşağı» ya yarı yolda düşür, ya da ölü doğulur. İnanmırsızsa kitabxanalarda tozlanıb qalmış kitabların sayına, ömründə səhnələşdirilməmiş pyeslərin, səhnəyə qoyulsa da qohum-əqrəbadan başqa kimsənin xoşuna gəlməyən tamaşaların, kimsəyə bir qəpiklik xeyri dəyməyən layihələrin, şirkətlərin, kimsəyə lazım olmayan inildəyən, ufuldayan şeir və hekayələrin sayına, heç ayaqyoluna da asılmağa layiq olmayan rəsmlərin statistikasına baxın. Əlbəttə, onlar bunu başqa cür adlandırır, guya onları anlamırlar, başa düşmürlər. Əslində isə bu bəhanədir. Ölü doğulmuş uşağının məsuliyyətini üzərinə götürmək qorxusundan yaranır. Qadın bilir ki, hamilə vaxtı nəyi yemək olar, nəyi yox. Qadağaları pozmağın fəsadlarını da bilir. Uşağını sağlam görmək arzusu onu bütün istəklərini qurban verməyə vadar edir. Kişilərsə heç nəyini qurban vermək fikrində deyil. Axı onlar işğalçı və istilaçıdır. Yer kürəsini, təbiəti, eləcə də qadını öz arzularına qurban verməyi norma sayır. Sonunda mütləq «Sənin soyuqluğun ucbatında axır prostatit olacam», ya da «Doğub tökməsəydin yetimçələrini bu saat Allah bilir haralarda, hansı vəzifələrdəydım» kimi iddianı mütləq eşidəcəksiz.

Aclıqda kişi neyronları öz-özünü yeyir

Deyim ki, qadın və kişi münasibətləri heç də həmişə bizim tanıdığımız qaydada olmayıb. Qadının ikinci dərəcəli olması barədə mifin müəllifləri elə kişilərdir. Alimlər araşdırıblar və tapılan sümüklər əsasında nəticəyə gəliblər ki, qadınların sözü nəinki məişət məsələlərində, hətta hərbi işlərdə, qəbilənin taleyinidə həlledici olub. Çünki kişilər mağaralarda ocağın ətrafında 1-2 həftə əvvəl ovladığı ovun sümüyünü gəmirərkən qadınlar səyahət edirmiş. Baxmağa televizor olmadığından kişilər gözlərini ocağa dikib günlərlə otura də bilərmişlər. Həm də ki, səyahət etməklə qadınlar qan qarışıqlığı məsələsini də həll edirmişlər. Yəni qeyrət məsələsi adlandırdığımız problemin həllini yenə də qadınlar yerbəyer edirmiş. Kişilərin öhdəsinə qalan gündən qardaş bacını, ata qızını zorlayır. Alimlər deiyr ki, tapılan sümüklər qadınların 90 faizinin başqa ərazilərdən gəldiyini deyir. Görəsən qadınları bu cür yerdəyişmələr etməyə nə məcbur edə bilərdi? Əlbəttə ki, kişilər. Qadınlar özünə bab tərəf müqabili axtara-axtara dünyanı dolaşıblar. Oturaq həyata keçən kimi qadınlara qara günləri başlayıb. Əlbəttə, çıxıb gedəcəyindən qorxmayanda kişi qadının üstünə çığırar da, lap onu döyər də… Alimlər onu da deyir ki, kişi neyronlarının aclığa heç davamı yoxdur. Aclığı qadınlar daha rahat keçirir. Kişilərin bifşteks payı əskik olanda lap canavara dönür. Aclıqda kişi neyronları öz-özünü yeyir. Ac canavarın qarşısını minilliklər boyu eyni qaydada alırlar, qabağına bir parça ət atmaqla.

Bəs bu uşağın atası kimdi axı?!

İş belə gətirib ki, qadın uşaqlarının atasını yanında görmək istəyir, bundan bir qədər qürür da duyur. Bu qürur bir növ müşaribə veteranının sinəsindəki medallarla fəxr etməsinə bənzəyir. Birini filan döyüşdə qazanıb, o birini yaralanandan sonra alıb. Qadınlar uşağının atasını açıqlamağı də özünə fəxr bilir. Kişilərsə əksinə, qadının həyatında olan rolunu minimuma endirib bilərəkdən onun işini gizləyirlər. Adam var, ürəyi partlasa da arvadını dünyasında tərifləməz. Qudurar, başını dik tutar, üzünə qayıdar və s. bu tipli fobiyalar kişilərin həyatını zəhərləyir. Kim deyər ki, filan vaxt filan qadın (özü də bu qadının adını çəkməkçün pasportunda müvafiq qeydiyyat yoxdursa) mənə filan əsəri ərsəyə çıxarmağa kömək edib. Ya da filankəs ideyanı mənə verməsəydi indi bu işi ortaya qoya bilməzdim. Şəxsən mən bu yaşacan belə bir səhnəylə rastlaşmamışam. Amma arvadının işini öz adına yazdıran, heç olmasa redaktor şəklində kitabında adını çəkməyən kişilər görmüşəm.

Gözünün içindəki ölsün

Qadınlar hamilə olanda gözəlləşir, həlimləşir, mənfi keyfiyyətlərini kənara qoyub dünyanın axarına, ritminə qoşulur. Kişilərsə əksinə, içinə bir fikir düşdüsə qəfəsə salınmış şir kimi o baş, bu başa gedir, hamını acılayır, əsəbiliyini gizlətmir. Onlardan ən qəddarları qadının gözünün giləsini ilan kimi dəmə çəkib «Gözünün içindəki ölsün» deyə bilər. Dünyanın ən qəddar qadını bu sözü deməzdi. Çünki bunu eşidən qadının tükləri biz-biz olur və gözünün içindəkini əbədi olaraq orda saxlamaq istəyi kimi axmaq bir virusa yoluxur.

Kişi hamiləliyinin klassik nümunələrini elə klassik ədəbiyyatdan da görə bilərik. Bizim üçün, yəni ən adi adamlar üçün dahilər də adi görünə bilər. Amma bu fikir məsələn, Salvador Dalini cin atına mindirdiə bilərdi. Onun üçün dahi və adi adam iki müxtəlif planetin adamları kimi idi. Ona görə də yalnız o, «Bir dahinin gündəliyi» adlı kitab yaza bilərdi, qalanları utanardı. Bu kitaba onun qədər dəxli olan adam, arvadı Qalanı o, çiynində donuz kotletləri ilə görürdü və eləcə də çəkirdi, sallaq döşünü korrektə etmədən. Hans Xristian Andersenin «hamiləliyi» lap çətin keçirdi. O, durmadan sağlamlığından şikayət edirdi. Ona görə də onun gündəliyi xəstəlik kağızına bənzəyirdi. Ətrafındakılar heyran olmağa pauza verən kimi kişinin tutmaları başlayırdı: «Mənim qəlbim yalnız məndən heyranlıq duyanda xoşbəxt olur. Bir nəfər tərəddüd edən kifayətdir ki, mən tamamilə ruhdan düşüm». Hamı yazıçı Dümanın həyatındakı 350 qadından yox, onun yazdığı kitabların sayından heyrətlənir. Bölüşdürsən hər qadına bir kitab düşür. Bəlkə «Bir damcı göz yaşını qurutmaq dəniz boyda qan tökməkdən çətindir» deyən Bayron bu aforizmi 200-ə qədər olan qadınlarının dilindən eşidib? Yazıçı deyir ki, 200-dən sonra saymağını saxlayıb.

Bu qadın ona yaratmaqda hamilə qalacaq ideyalar verə bilərdi

Hamilə kişinin iştahası gələndə qabağını kimsə ala bilməz, nə evdə ac yalavac dolaşan arvad uşaq, nə qoca ana-ata. Dediklərimi bütün kafe və restoran sahibləri tərəddüdsüz təsdiqləyər. Məsələn, meyiti kasıblar üçün çalada basdırılmış Mosart (Onun kasıblıqdan əziyyət çəkməsi barədə əfsanələr dolaşır) bir konsertə 500 qulden alırdı. Bu isə onun zamanında 5 nəfərlik ailənin bir aylıq dolanışığı idi. O, bu pulu bir neçə saata bilyard masası arxasında göyə sovururdu. Bu nümunədən sonra könlü kabab istəyən hamilə qadınlar o qədər məsum görünür ki… Rembrand da yaman bədxərc idi. O qədər bahalı əntiq əşya, xalçalar, çin farforu və s. lazımsız şeylər alırdı ki, bu məsələdə minlərlə istəklərinə görə qınanan qadını kölgədə qoya bilər. Nəticəsində əlbəttə ki, müflisləşdi. Dahilərdən kimisi yeməyə, kimisi içkiyə aludə olur. Məsələn, Otto fon Bismark o qədər yeyimcil idi ki, 30 yaşında qohumları onun bir azdan arabada gəzəcəyindən narahat olmağa başladı. Diyetaya oturub bir neçə kiloqram arıqladığını bilən dəqiqə 4 litr qatıq içib üstünü bir litr konyakla düzəltdi. Dəhşətli dərəcədə tüstülədənlər Bayron, Hofman, Rixart Ştraus, Napoleon sayılır. Höte isə əksinə, tüstüyə dözə bilmirdi. Spirtli içkiyə münasibətdə isə zəifliyi olan minlərlə adam sadalaya bilərik. Hələ narkotikləri demirik…

Dünya tarixində bir nəfər də nəsə yaratmış, nəsə düzəltmiş, nəsə heç olmasa demiş kişi tapmazsan ki, yanında qadın olmasın. Onlardan yalnız ən dahiləri qadının həyatındakı rolunu heç olmasa qələmə alıb, ya da dilinə gətirib. Henrix Heyne boyda kişi sadə, savadsız ayaqqabı satıcısına vurulmuşdu. Eni uzununa bərabər olan bu xanım nə yaza, nə də oxuya bilirdi. Heyne onu hər şeyə, hətta tutuquşusuna da qısqanırdı. Qısqanclığından tutuquşunu öldürmək dərəcəsinə enən Heyne nədən bu qadına belə bağlıydı? O bilirdi ki, bu qadın ona yaratmaqda hamilə qalacaq ideyalar verə bilərdi, incə bel gözəllərsə yox.

Qısqanclğa daha bir səbəb

Qadının dünyaya gətirdiyi uşaq gözəl, ya kifir, sağlam, ya da xəstə ola bilər. Amma hər bir halda o, ailəsinə sevinc bəxş edir. Kişilərin yaratdıqları isə ən yaxşı halda pul gətirir. Qadın kişisinə canı bahasına uşaq bəxş etdiyindən xoşbəxt olur. Kişi isə qadına zəhməti müqabilində heç nə vermir. İstər yaranan qalın bir kitab, istərsə də ictimai hadisələri yerindən tərpədəcək bir cərəyan olsun. Ortada fırlanıb fəaliyyətin imitasiyasını edən, QHT yaradan, layihə yapan və s. lazımsız işlər görən kişi bir növ şarı üfüləyib paltarının altına qoyaraq yalandan hamilə görünmək istəyən qadına bənzəyir. Nə mənası varmış?

Elə ona görə də kişilər qadın yaradıcılığına qısqanclıqla baxır. Qadın pis-yaxşı nəsə yaza, çəkə, quraşdıra, yapa bilər. Bu yaranan ola bilər kişilərin işindən zəif olar, ya da bir çömçə artıq. Bunun fərqi yox. Çünki qadın bu işi kişinin rolu olmadan görür. Uşağı təklikdə ərsəyə gətirə bilməyən qadın maddi dünyanın nemətlərini kişi iştirakı olmadan edə bilir. Kişilərsə nə uşaq dünyaya gətirir, nə də qadın olmadan yaradıcılıqla məşğul ola bilir. Bunu hər bir kişi anadangəlmə bilir və fikir hamını cırnadır. Sinəsi, ayaqları qorilla kimi tüklü kişi obrazında qanadlı ilham pərisi olmadan, gözünün qarşısına dünən gecə olanları gətirmədən, vəd edilənləri düşünmədən real həyatda yaratmaq bacarığı olan qadın dişiyə ehtiyacında qovrulan kişidən qiymətlidir. Əlbəttə, bir kişinin arvadı olmaq, onun uşaqlarının anası rolunu ömrün sonunacan oynamaq çətin deyil. Amma üstəlik tək kişinin iştirakı olmadan yaradırsansa, məsələn, yazı yazırsansa deməli həddən artıq iddialısan. Kişilər iddialı qadınlardan hürkür deyəsən…

Ölü doğulmuş ədəbiyyatın atası kimdi?

Dünyaya kişi hamiləliyi prizmasından baxanda Azərbaycanda baş verən hadisələr aydınlaşır. Buranın kişilərinin əksəriyyəti qısırdır. Əlbəttə, onlar bunu başqa cür izah edir, Azərbaycan qadınının aş qazanına yıxıldığını və hələ də ordan çıxa bilmədiyini səbəb gətirirlər. Əslində isə hər şey 180 dərəcə əksinədir. Bədənində olan orqanların içində yalnız mədəsini və cinsi orqanını zəhmətə salan kişilərimiz ən vacib hissənin, başın inkişafını qiyamətə qədər təxirə salıblar. Kişilər başından doğar. Bu orqanın saz deyilsə, gecə-gündüz şikayət eləyib gəz, gənc yazarlar kimi zarılda, sonra düş başqa millətlərin qadınlarının arxasına, inqilablar yap, devriliş-çevriliş elə, cızmaqaralarınla dünyanı bezdir, özünü reklam elə fərq etməz. Yenə də kiloyarımlıq uşaq doğmuş bir qadın qədər də deyilsən.

Öz aramızdı…

Bəzən özümü soxuşaqlı ana kimi hiss edirəm. Bir neçə hekayə, bir az şeir, bir neçə tablonun, bir qədər də idayanın doğulmasına dəxlim var düşünürəm. Məndən oğurlanıb mənimsənilmiş yazıları hələ saymıram. Əlbəttə, kimsə bunun Gülnarəyə də dəxli var deməz. Qadınlar, məncə varidatımıza sahib çıxmağın zamanıdır. Bir baxın, görün kişilər külfətini başına yığıb necə qürurlanır!

P.S. Yazı "Bizim YOL" qəzetinin 12 yanvar 2013-cü il tarixli sayında dərc edilib

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə