Tədqiqat nəticəsi: Hitler, Stalin və Mao Tsedun psixopat tipli cinayətkarlardır (KRİMİNAL)

İnsan beyninin tədqiqini həyata keçirən Almaniyanın Bremen şəhərindən olan məşhur alim, professor Herhard Rot bəşər övladının dünyaya cinayətkar təmayüllərləmi gəldiyinə, yoxsa sonradan vəziyyətdən asılı olaraq cinayətkara çevrildiyinə dair suallara cavab tapıb. Amma bu, ilk baxışdan belə görünür. Sonrada məlum olub ki, sensasiya şişirdilmiş mahiyyət daşıyır. Elə alimin özü də haradasa gəldiyi qənaəti təkzib edən fikirlərə baş vurur. Buna baxmayaraq, kütləvi informasiya vasitələri alimin dediklərini dərc etməkdədirlər.

Alman tabloidi «Bild»in yazdığına görə, professor Rotun tədqiqatı nəticəsində zor tətbiq etdikləri səbəbindən mühakimə olunmuş əsl cinayətkarlara kiçik metrajlı filmlər göstərilib. Nümayiş zamanı onların beyinlərindən gələn elektrik impulsları ölçülüb. Müəyyənləşdirilib ki, qəddar səhnələrin göstərilməsi zamanı bu adamlarda heç bir emosiya yaranmayıb. Halbuki başqa adamlar həmin səhnələrə baxan zaman iztirab hissi və ürək yanğısı keçiriblər.

Qəzet həmçinin yazır ki, tədqiqat heç də bütün cinayətkarların eyni hisslər keçirmədiyini ortaya qoyub. Bu mənada alim onları üç qrupa bölür. Birinci qrupa daxil olanlar psixi sağlamdırlar, ancaq zorakılığa meyllidirlər. Belə tip insanlar zorakılığın normaya çevrildiyi mühitdə böyümüşlərdir. Onlar üçün qanunauyğunluq oğurlamaq, məhrum etmək və öldürməkdir.

Cinayətkarların ikinci tipi impulsiv və reaktiv zorakılardır. Bu cür adamlarda psixi çatışmazlıqlar var. Professor Rotun fikrincə, belə cinayətkarlar ətraf aləmi özləri üçün təhlükə mənbəyi kimi hiss edirlər. Adi düzgün olmayan baxış və ya hərəkət belələrini bir andaca qatilə çevirə bilər.

Ən təhlükəli tip üçüncü - psixopat tipidir. Rot «Bild»ə verdiyi açıqlamada deyir: «Bu qrupa Adolf Hitler, İosif Stalin və Mao Tsedun kimi tiranlar da daxildir. Bu cinayətkarlar cazibədən və fərdi fərasət keyfiyyətlərindən məhrum deyillər. Ancaq onlar heç bir hisslərə malik olmayan yalançılardır. Qətiyyən müvəffəqiyyətsizliklərindən dərs almırlar. Yalnız böyük, şöhrətli olmaq üçün çalışırlar». Jurnalistlərin «beyin sayəsindəki tədqiqatlar Hitler kimi adamın meydana çıxmasının qarşısını almaq üçün yetərlidirmi?» sualına cavabında alim hesab edir ki, «yox, ancaq biz ondan gələn təhlükədən əvvəl xəbər tuta bilərdik».

Belədə ortaya daha bir sual da çıxır: cəmiyyəti qəddar cinayətkarlardan necə mühafizə etmək olar? Rotun bildirdiyinə görə, belələrinə nə qədər tez kömək göstərilsə, daha yaxşıdır. Alim deyir ki, ekspertlər insanın psixi natarazlığı barədə o, hələ uşaq bağçasına gedən zaman xəbər tuturlar. Cəmiyyətin vəzifəsi bu cür problemli fərdlərə onlar cinayətkara çevrilməmiş kömək göstərməkdir.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə