İnternet medianı etik normalarla necə tənzimləmək olar? (AKTUAL)

Xaqani SƏFƏROĞLU, “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri

Mətbuat Şurasının internet portallardan gələn şikayətlərin araşdırılması üçün yaratdığı komissiyanı ölkədə yeni medianın tənzimlənməsi üçün atılan ilk addım kimi qiymətləndirmək olar. Buna qədər isə ölkənin informasiya müstəvisində “internet KİV” adı çox ehtiyatla çəkilir və bu fəaliyyətə peşəkar jurnalist işinin məhsulu kimi baxanların tərəddüdü ilə müşayət olunurdu.

Mətbuat Şurasının bu komissiyası öz fəaliyyəti zamanı bir çox hüquqi və yeni medianın diqtə etdiyi bir sıra nou-haularla üzləşəcəyi qaçılmaz olacaq. Komissiya peşə etikasının pozulması faktları ilə bağlı araşdırma cəhdləri üçün isə həddən artıq səy göstərməlidir. Çünki ölkənin internet media sahəsində olan huquqi boşluqlar və peşəkar jurnalist üçün nəzərdə tutulan etika kodeksinin yeni media prinsipləri ilə uyğunsuzluğu başağrıdan bir məsələyə çevrilib.

İlk əvvəl qeyd etmək lazımdır ki, internetin geniş yayılması ilə informasiya əldə etmək sahəsində ciddi dəyişiklər baş verib. Onlayn media, bloq və sosial şəbəkələr klassik KİV və onun etik prinsipləri haqqında anlayışları dəyişdirib. Bu gün internet KİV mücərrəd oxucu ilə əlaqə formasını arxa plana ataraq oxucu ilə real zamanda canlı əlaqəsinə üstünlük verir. Bu yenilik isə onlayn nəşrləri öz peşə fəaliyyəti zamanı ənənəvi çap idarəetməsin qaydalarına ciddi korreksiyalar etmək məcburiyyətində qalıb. İnternet dənizində seçilmək, oxucu qazanmaq və onu əldə saxlamaq onlayn media üçün “həyat iksiri”nə çevrilib. Odur ki, xəbər əldə etmək üçün onlayn jurnalistika özünün “qardaş”ları ilə-bloq və sosial şəbəkələrlə sıx işləməyə məcburdur. Bu isə artıq çap mediası üçün vacib hesab edilən peşə etikası qaydalarının ciddi deformasiyası ilə müşayiət olunur. Portallarda yoxlanılmayan məlumatlar, bloq xəbərlərindən istifadə, sosial şəbəkələrdəki şayiə və mənbəyi bilinməyən xəbərlər baş alıb gedir. Üstəlik yazılara gələn “oxucu statusları” vəziyyəti lap qəlizləşdirib. Bu statuslar isə əksər vaxtlar heç də ürəkaçan olmur.

Netiket

Azərbaycanda yeni medianın ortaya qoyduğu etik fəsadlarla Avropa hələ 90-cı illərdə üz-üzə qalıb. İnternetdə etik prinsiplərin qorunması və əməl olunması üçün müxtəlif “reseptlər” təklif olunsa da son nəticədə vahid fikrə gəlmək mümkün olmayıb. İnternetdə etik tənzimlənmə ilə bağlı ilk cəhdlər internetin “qədim” vaxtlarında mövcud olub. “Netiket” adlandırlan bu qaydalar toplusu 80-ci illərdə populyar olan “Fidonet” şəbəkəsinin üzvləri tərəfindən müəyyənləşib. Sonralar şəbəkənin inkişafı nəticəsində bu qaydalar dəyişikliklərə uğrayıb.

İnternetlə bağlı ilk etik kodeks “RFC1855” ((«Request for Comments) 1995-ci ildə Beynəlxalq “İnternet Sosiety” Təşkilatı tərəfindən dərc olunub. Bu kodeks şəbəkə istifadəçiləri arasında bir sıra situasiyaları dəyərləndirmək, şəxsiyyət əleyhinə təhqirlə yanaşı , yalan informasiya, plagiat və reklama qarşı mübarzəni özündə ehtiva edirdi.

Zaman keçdikcə netiket qaydaları bloqosferə də şamil olunmağa başladı. Bir neçə il əvvəl Web.2.0 konsepsiyanın müəllifi Tim Oreyli və Vikipediya”sisteminin yaradıcısı Cimmi Uels tərəfindən “bloggerin davranış Kodeksi”i təqdim olundu. Kodeks 7 bənddən ibarətdir. Ən mühüm cəhətlərindən biri “yolverilməz məzmun” anlayışındadır: Bu anlayışa görə, informasiya- əgər insanı təhqir və təhdid edirsə, yalandırsa, müəllif hüququnu pozursa, məxfilik öhdəliyini dağıdırsa, üçüncü tərəfin şəxsi həyatına müdaxilə edirsə “yolverilməz məzmun” sayılır.

Milli “Netiket”i necə yaratmalı?

Ölkəmizdə internet mediada belə etik davranış sistemlərinin formalaşdırılması üçün fəal müzakirələr zəruri məsələyə çevrilib. Bu baxımdan bizim fikrimizcə, İnternet KİV-lərdə və şəbəkə resurslarında özünütənzimləməni formalaşdırmaq üçün “onlayn medianın etik davranış Kodeksi” yaradılmalıdır. Bu internet –jurnalistlər üçün öz peşələrində etik standartlar haqqında kompleks təsəvvürlər yaradılmasına xeyli kömək edər.

İkincisi, “internet”, “internet KİV”, “bloq” anlayışlarını qanunvericiliyə salmaq zəruri amilə çevrilib. Bu internet KİV-lərə tam olaraq öz fəaliyyətlərini reqlamentləşdirmək imkanı verəcək və internet jurnalistinin statusunu təyin etməklə onu şəbəkənin digər fiqurlarından ayırmaq imkanı yaradacaq.

İnternet KİV-lərin səylərini birləşdirməklə onlayn media üçün ümumi etik qaydalar sistemini müzakirə etmək lazımdır. İnternet KİV redaksiyaları əməkdaşları işə götürərkən onları hökmən Jurnalistin peşə etikası Kodeksi ilə tanış etməlidir.

Kimi “internet jurnalisti” hesab etməli?

İnternetdə jurnalist statusunun müəyyən edilməsindəki problem bir sualı açıq qoyur: Şəbəkədə yazan kimləri jurnalist hesab etmək olar?

Bloqerin yazdığı yazıya görə məsuliyyəti jurnalistdən tam fərqlidir. Bu onların cəmiyyət qarşısında sosial məsuliyyətindəki fərqindən irəli gəlir. İndiki anlamda jurnalist bloqerdən fərqli olaraq yazılarına görə, qanun və peşə etikası kodeksi qarşısında məsuliyyət daşıyır. Eyni zamanda “vətəndaş jurnalistikası” statusunda yazan bloqer azad söz huququnu əldə bayraq tutaraq operativ şəkildə informasiya yaya bilər. Lakin burada jurnalist və bloqerin istehsal etdiyi xəbəri müqayisə edərkən birincinin peşə fəaliyyətini ortaya qoyduğunu, ikincinin isə həvəskar kimi çıxış etdiyini demək olar.

Amma burada bir məsələ açıq qalır: Tutaq ki, jurnalist səhv məlumatı yayıb və bundan sonra yazıda düzəliş edib, təkzib verib. Çap mediasında bunun sxemini təsvir etmək asandr: Səhəri gün səhv getmiş yazının təkzibini kağızda vermək mümkündür. Amma internetdə bunu təsəvvür etmək olmur. Əgər bu yanlış xəbər onlayn portaldan “kopi-past” edilərək qarşısıalınmaz formada yayılıbsa bunu necə hüqiqi tənzimləmək mümkündür? Redaksiya hətta bu yalan məlumatı portaldan silsə belə xəbər internetdə həmişəlik qalır. Odur ki, internet şərtləri daxilində etik pozuntunu ləğv etmək imkanları hələ xeyli dumanlı qlıb.

Onlayn jurnalistikanın etik aspketini effektiv tənzimləmək üçün ilk növbədə şəbəkənin spesifikliyini öyrənmək lazımdır. Bu şəbəkənin öz terminləri, qayda və normaları, məqbul sayılan və sayılmayan anlayışları var. Ona görə internet jurnalist öz işində təkcə peşəkar etik kodeksi deyil, həmçinin şəbəkə etikasının qaydalarını da bilməlidir. Bu etik qaydaların müəyyənləşməsi isə hazırda bütün dünya üçün aktualdır və müzakirələri davam edir.

"Olaylar" qəzeti, 27 fevral 2013-cü il.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə