İnternet və güc …tənzimləmə nəyə görə lazımdır? (TƏHLİL)

Bütün yeni texnologiyalar ənənəvi qüvvələr balansını pozur və bu mənada internet də istisna deyil. Adətən bildirilir ki, o, nə vaxtsa imkanlarından məhrum olmuşların imkanlarını paylaşır. Ancaq mövcud deyim məsələnin bir hissəsidir. Əslində internet hamının imkanlarını paylaşır. Hakimiyyət orqanları ola bilər, bu prosesdə ləngdirlər. Amma hələlik və bu ləngliyin olduğunu da tam mənada iddia etmək doğru sayılmaz.

İndiki dövrdə internet idarəçiliyə yiyələnmək baxımından effektiv vasitədir. Həmin vasitənin səmərəliliyi hakimiyyətlərə və iri korporasiyalara indi loru desək, daha çox çatmağa başlayıb. Bu institutlar getdikcə anlamaqdadırlar ki, internetdən yalnız bəhrələnmək deyil, eyni zamanda onu öz maraqları çərçivəsində nəzarətdə saxlamaq da mümkündür. Nəticədə isə yaşamaq istədiyimiz gələcəkdə tətbiqi qaçılmaz sayılan informasiya texnologiyalarından istifadə müstəvisində internetdən faydanın daha çox cəmiyyətin deyil, hakimiyyət orqanlarının götürəcəyi reallığı özünü göstərir.

Biz artıq internetin müxtəlif sferalardakı dağıdıcı qüvvəsinə şahid olmuşuq. Onun təsiri ilə bir çox sahələr, məsələn, səyahət büroları və filmlərin icarəsini həyata keçirən şirkətlər sıradan çıxıb. Amazon və digər virtual qüvvələrin güc yığmağa başladığı müasir dönəmdə kitab, qəzet, ensiklopediya və sair buraxılması üzrə ixtisaslaşmış nəşriyyatların da tədricən ömrünü başa vurması gözləniləndir. Hazırda «Google» və «Facebook» kimi reklamlarını çoxaldan kompaniyaların təsir dairələrini, eyni zamanda hakimiyyətlərini gücləndirdikləri də məlumdur.

İnternet siyasi qüvvələr nisbətində də dəyişikliklər yaradıb. Hökumətlər vətəndaşların internetin koməyilə mobilizə edilə bilinməsindən öz hakimiyyətlərini itirməkdədirlər. Ona görə ki indiki durumda hakimiyyət əleyhinə hərəkat təşkil etmək çox asanlaşıb. Ekspertlərin bildirdiklərinə görə, ABŞ prezidenti Barak Obamanın kampaniyası göstərdi ki, internetdən istifadə eyni zamanda inqilabi nəticələr də doğura bilər. Mövcud mənada subyektiv görünsə də, Obamanın 2008 və 2012-ci illərdə dövlət başçısı seçilməsi qabardılır.

İnternet sosial qrupları da dəyişib. Biz «Facebook»da yüzlərlə «dost» tapırıq, «Tvitter»də söhbətləşirik. Amma bu mühitdə bəzi dələduzluqların reallaşdırılması da asanlaşıb. Məsələn, özünü başqası kimi təqdim etmək… Artıq məlumatları bölüşmək yolu ilə asanlıqla müəllif hüquqlarının pozulması halları baş verir. Siyasi, seksual və mədəni materiallara çıxış imkanının əldə edilməsi isə tam adiləşib.

Gələk əsas məsələyə. Hazırda dünyanın güclüləri interneti öz mənafeləri naminə istifadə etmək barədə düşündükləri və mövcud istiqamətdə konkret addımlar atdıqları məlumdur. Bəzi korporasiyalar bu məkanda yeni gəlirlər əldə etmək üçün mühit formalaşdırırlar. Misal olaraq yenə də «Facebook»u, həmçinin «Google»u göstərmək mümkündür. Bəzi sahələr orada model biznesindən gəlir götürülməsini nəzərdə tutan qanunların lobbiçiliyini edirlər. Telekommunikasiya xidmətləri internet trafikin müxtəlif formalarını tanımağa çalışırlar. Əyləncə industriyasına aid kompaniyalar mübadilə prosesini dərinləşdirməyə, reklam şirkətləri insanların üstünlük verdikləri şeyləri, vərdiş və adətləri daha çox öyrənməyə can atırlar.

Birbaşa dövlət hakimiyyətinə gəlincə, hazırda internetə dolayısıyla senzura tətbiq edən ölkələrin sayı çoxalmaqdadır və bu ölkələr öz işlərini əvvəlki illərə nisbətdə daha uğurlu şəkildə reallaşdırmağı bacarırlar. Dünyanın bir çox yerlərində polis birləşmələri internetin məlumatlarından yararlanaraq izləmələr gerçəkləşdirirlər. Bir sıra hüquqi prosedurlardan kənar olan bu sayaq hərəkətlər nəticəsində çoxsaylı cinayətlərin qarşısını almaq da asanlaşır. Müdafiə strukturları kiber müharibənin aparılması üçün silahlanma yarışını artırırlar. İnternet vasitəsilə dövlət və kommersiya strukturlarından əməliyyat məlumatlarının əldə edilməsi totalitar dövlətlərdə nəinki geniş vüsət alır, hətta bu işə Qərb demokratiyaları da fəal surətdə qol çırmayırlar. Şəxsi kampaniyalar və hökumət lazım gəldikdə internetin gücündən özü barədə ictimai rəydə yalan məlumatların belə yer almasına çalışır.

Ancaq bir qədər keçmişə boylansaq, əslində müəyyən qrup insanların interneti tamam fərqli tərzdə təsəvvür etdiklərini söyləmək mümkündür. Məsələn, 1996-cı ildə kiber-libertarian Con Peri Barlou «Kiber mühitdə müstəqillik deklarasiyası» adlı sənəd hazırladı və həmin sənəddə dünya hakimiyyətlərinə müraciət ünvanlayaraq sanki demarş etdi: «Sizin bizi idarə etmək üçün mənəvi haqqınız yoxdur. Bizim üçün təhlükəli ola biləcək şeyləri sırımaq və məcburiyyət məqsədli metodlarınız da yoxdur».

Zamanında Barlounun söylədikləri utopik ideal kimi görünürdü və çoxları hadisələrin özlərinə sərfəli müstəvidə cərəyan edəcəyinə inanırdılar da. Bəziləri hətta deyirdi ki, hazırda yeni texnologiyanın tətbiqi ilə baş verən sosial dəyişikliklər əvvəlki belə desək, ağır çəkili institutları tarixə göməcək. Reallıqda isə vəziyyət qəliz xarakter daşımağa başladı. Necə deyərlər, azad olduğunu zənn edənlər texnologiyanın hər iki tərəfin imkanlarını artırdığını yaddan çıxardılar. Heç bir gücü və təsiri olmayan insanlar özləri üçün interneti kəşf edəndə gücə və təsirə yiyələndilər. Sadəcə, vəziyyət elə alındı ki, əvvəlcə məsələyə təşkilatlanmamış «ustalar» girişdilər və yeni texnologiyalara bir növ, sahibləndilər. Tədricən güclülər internetin polensialını anladılar və ondan öz üstünlüklərini daha da artırmaq məqsədilə yararlanmağın mümkünlüyünü əməli fəaliyyətə keçirdilər. Bu xüsusda nəinki internet sosial qüvvələri dəyişdirdi. Əslində mahiyyətcə meydana internetin özünü dəyişəcək hakimiyyət çıxdı. İndi heç kəs vaxtilə ABŞ-ın Federal Təhqiqatlar Bürosunun internetdə cinayətkarlığa qarşı mübarizəsinin qeyri-kompetent xüsusiyyəti barədə düşünmür. Yaxud bir zamanlar internetin Çin senzorları və ya Yaxın Şərqdəki gizli polis birləşmələri üzərində malik olduğu üstünlüklərindən danışan yoxdur. Milli valyutaların rəqəmli pul sistemi qarşısında necə köhnəlmiş təsir bağışladığı da yada salınmır. Hətta bəzən elə gəlirdi ki, insanların sosial şəbəkələrdə toplaşmaları fonunda siyasi partiyalar belə əhəmiyyətini itirib. Hazırda bütün bunlar uzaq keçmiş kimi xatırlanır. Əlbəttə, Con Peri Barlou kimiləri də yuxudan ayılıblar.

Heç nə birtərəfli və birmənalı deyil. Kütlələr bəzən kiminsə ətrafında özləri toplaşa bilirlər. Buna misal olaraq «ərəb baharı»nı, müxtəlif ölkələrdə hakimiyyətin hərəkətlərinə qarşı çıxışları göstərmək mümkündür. Ancaq bütün bunlar davamlı olmayacaq təsiri bağışlamaqdadır. Hər bir halda təşkilatlanmamış kütlələrin olduqları kimi qalacaqları proqnozlaşdırılır. Nəhayət, güclülər yenə də güclü olaraq formalaşacaqlar. Əslində bir sıra digər halları nəzərə almasaq, böyük proses kimi nəzərə çarpan «ərəb baharı»nın özünün də məhz güclülər tərəfindən müəyyənləşdirilmiş ssenari olduğu məlumdur. Bu həqiqət dərk edilir və ona qarşı adekvat profilaktik tədbirlər görülür.

Yekunda onu da deyək ki, internetin gələcəyi ilə bağlı çətin mənəvi və siyasi debatlar gedir. Müzakirələrdə əsas mövzu insanların şəxsi həyatının toxunulmazlığı prinsipinin qorunması ilə müəlliflik hüquqlarının pozulmasına və uşaq pornoqrafiyasına qarşı mübarizə aparan inzibati orqanların fəaliyyəti arasındakı ziddiyyətlərin necə aradan qaldırılmasına yönəlib. Başqa suallar da var. Tutalım, axtarış sistemləri materialları və informasiyaları süzgəcdən keçirərəkmi dövriyyəyə buraxmalıdır? Özümüz barədəki məlumatlara düzəliş etmək və ya onları silmək hüququmuz varmı? Bir neçə ildən sonra köhnə arxivləri silən sistemlər lazımdırmı, yoxsa yox? Bütün bu cavab verilməsi çətin olan suallar əslində hərtərəfli müzakirələri, beynəlxalq əməkdaşlığı və ardıcıl qərarların çıxarılmasını zərurətə çevirir.

Maraqlıdır ki, indiki zamanda sözügedən məsələlərə aydınlıq gətirilməsinin imkanlar daxilində olduğunu düşünənlər çox az, demək olar, yoxdur. Çünki internet mahiyyətcə təbiətin qanunlarına tabe olmayan bir şeydir. Onun tarixi böyük hesabla təsadüflik məhsulu kimi də dəyərləndirilə bilər. Bu mənada əslində internetin gələcəyi uğrunda mübarizənin getdiyini söyləmək daha məqsədəuyğundur. Diqqət yetirək, hazırda dünyanın müxtəlif ölkələrinin parlamentlərində, beynəlxalq təşkilatlarda, eləcə də internetdən istifadə sahəsində standartlar hazırlayan qurumlarda mübarizənin müxtəlif aspektləri nəzərə çarpır. Ümumən belə nəticəyə gəlinir ki, internet bizim onu etdiyimiz kimidir. Bildirilir ki, internet spesifik maraqlar güdən və planlar hazırlayan təşkilatların və dövlətlərin həyata keçirdikləri hesabına yenidən qurulacaq. Mövcud dolaşıq labirintdə iki başlıca cəhət də nəzərə çarpır. Həmin cəhətlərdən biri odur ki, dünya ya internetin gələcəyini danışıqlar masası arxasında həll edəcək, ya da həmin gələcək öz-özünə müəyyənləşəcək. İkinci halda konkret maraqların özünü göstərəcəyi və əksər situasiyalarda güclülərin daha artıq rol oynayacağı bəllidir. Bu sistemdə əvvəlki internetsiz sistemdə olduğu tək ədalətsizliyin baş verəcəyi proqnozlaşdırılandır. Danışıqlar isə ola bilər, məsələni bəlli normalar altında həyata keçirəcək. Nəticədə fərdi korporativ maraqların deyil, cəmiyyətlərin mənafelərinin üstün tutulması mümkündür. Hər halda insanlar qəbul edilmiş sənədlərin mahiyyətini izləməklə onların mahiyyətlərinin öz istəkləri baxımından uzlaşdırılmasına nail ola bilər. Xaos şəraitində isə potensial zəiflərin əzilməsi qaçılmaz tendensiyaya çevriləcək.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə