İşgəncə ver, hökm sür!

Yaxud Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin fəaliyyətinin pərdəarxası məqamları

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, ABŞ-ın İraq və Əfqanıstandakı qoşunlarına rəhbərlik etmiş Devid Petreus Bağdadda yaradılmış və kütləvi zorakılıqlar poliqonuna çevrilmiş həbsxanaların təşəbbüskarlarından olub. Orada məhbusların etirafı üçün ən varvar metodlardan yararlanılıb. Əzablar sırasında dırnaqların çıxarılması və qasıq nayihəsinə zərbələrin endirilməsi də əsas yer tutub. Petreus şəxsən özü hərəkətlərin törədilməsini nəzərdə tutan əmrlər verməsə də, tabeçiliyindəki iki polkovnik - Ceyms Stil və Ceyms Koffman birbaşa bu işlə məşğul olub. Məsələ barədə Britaniyanın məşhur «Qardian» qəzeti özünün apardığı araşdırmaların nəticəsi olaraq yazıb. Nəşrin bildirdiyinə görə, adları çəkilən hər iki polkovnik aşkar zülmkarlıqlarla müşaiyət edilən dindirmələrin iştirakçısı olduqlarını söyləyiblər. Belə demək mümkünsə, qəddarlıq mərkəzlərinin əsas missiyası isə məhbusların artmaqda olan müqavimət hisslərini öldürməkdən ibarət olub. Petreus hələlik İraq həbsxanalarının yerli əməkdaşlarının bildirdiklərinə və digər toplanmış materiallar əsasında ortaya çıxarılmış məqamlara hər hansı formada şərh verməyib.

Ümumən Amerika əsgərlərinin İraqdakı qəddarlıqları barədə bilgilər çoxdan yayılıb. Yeri gəlmişkən, bu il fevralın əvvəlində ABŞ-ın eks-müdafiə naziri Leon Panetta bir nömrəli terroçu Usamə Bin Ladenin məhvi ilə nəticələnmiş əməliyyat gedişində də işgəncələrin verildiyini diqqətə çatdırıb. Eyni zamanda etiraf edib ki, Bin Ladenin ələ keçirilməsi üçün heç də xüsusi zülmkarlığa ehtiyac duyulmamışdı.

Müşahidəçilərin isə dediyinə görə, ABŞ-da cəmiyyət işgəncələri terrorçulara qarşı təsir vasitəsi kimi qəbul edir. Amerikada, eləcə də digər ölkələrdə hamı işgəncələr əleyhinə çıxsa da, bəzi istisnaların mümkünlüyü də anlayışla qarşılanır. Bildirilir ki, terrorçuları başqa cür dindirmək əbəsdir və bu, əlavə insan itkisinə gətirə bilər. Rusiyanın İctimai Palatasının üzvü, bir vaxtlar Birləşmiş Ştatların məşhur «Freedom House» təşkilatında ekspert kimi fəaliyyət göstərmiş politoloq Sergey Markov ABŞ-da işgəncə mövzusunun hüquq müdafiəçilərini, siyasətçiləri və güc strukturlarının təmsilçilərini narahat etməkdə olduğunu vurğulayıb: «İctimai rəyi isə mövzu o qədər də maraqlandırmır. Amerikalıların kifayət qədər sərt olduqları da yaddan çıxarılmamalıdır. Bu millət hindularla mübarizə gedişində formalaşıb. Keçmişdə çox qanlar axıdıb. Avropalılardan fərqli olaraq amerikalılar düşünürlər ki, yaxşılıq yumruqla başa gəlməlidir. Sıravi amerikalılar hesab edir ki, polis vətəndaşları istənilən vasitələrlə qorumalıdır. Əgər cinayətkar ələ keçibsə, insanlar polisin nə etməli olduğunu yaxşı bilirlər. Rusiyada işgəncələr əleyhinə baxış isə əsasən Stalin dövründə günahsız insanların əziyyət çəkməsi müstəvisində formalaşıb. ABŞ-da əhali əmindir ki, qəddar münasibət ancaq əclaflara qarşı tətbiq ediləcək, adi vətəndaşlar bundan əziyyət çəkməyəcəklər».

Birləşmiş Ştatlarda işgəncə mövzusu xüsusən də Barak Obamanın hakimiyyətə gəlməsindən sonra daha çox müzakirə edilməyə başladı. Obama prezidentlik kürsüsünə əyləşər-əyləşməz söz verdi ki, Quantanamodakı qanunsuz hərbi tribunalları buraxacaq, MKİ-nin əməkdaşlarının sorğu-sualın bütün qanuni vasitələrinə riayət etməsini təminat altına alacaq, bütün məxfi həbsxanaları aradan qaldıracaq. Bu xüsusda ən qabarıq addım Ağ Ev rəhbərinin Quantanamo, İraqın Əbu-Qreyb həbsxanası, həmçinin Əfqanıstanın bir neçə düşərgəsi barədə gizli məlumatları açığa çıxarması idi. Həmin məlumatlara istinad edən ABŞ-ın kəşfiyyat məsələləri üzrə komitəsi 2009-cu ildə hesabat dərc etdi. Sənəddə bildirildi ki, məhbusların heysiyyatına toxunmağı nəzərdə tutan göstərişi Buş administrasiyası verib.

«Qardian»ın araşdırmaları nəticəsində həmçinin müəyyənləşdirilib ki, ABŞ-ın eks-dövlət katibi Kondaliza Rays 2002-ci ilin mayında milli təhlükəsizlik üzrə müşavir vəzifəsini tutarkən ölkənin gələcək baş prokuroru Con Eşkroftla Ağ Evdə MKİ-nin əməkdaşları ilə görüşüb. Həmin görüşdə işgəncələr, o cümlədən böyük səs-küy doğurmuş istiliyin imitasiyası metodları müzakirə predmetinə çevrilib. Corc Buşun prezidentliyi dönəmində bu cür üsullar alternativ yollarla sorğu-sualın aparılması adlandırılırdı. Sözügedən müzakirələrin yekununda MKİ-nin direktoru Corc Tennet Birləşmiş Ştatların Ədliyyə Nazirliyi tərəfindən həmin metodların istifadəsi ilə əlaqədar razılıq alır. Bundan sonra terrorizmdə şübhəli bilinən təkcə Əbu Zübeyd adlı şəxsin bir il ərzində hər gün ən azı 83 dəfə işgəncəyə məruz qaldığı bildirilir.

2005-ci ildə MKİ sudan istifadə yolu ilə işgəncədən könüllü şəkildə imtina edib. Ancaq Birləşmiş Ştatların Ədliyyə Nazirliyi MKİ-nin dindirmə zamanı tətbiq etdiyi sərt üsulların işgəncə sayılmadığını önə çəkir. Çünki bu addımlar insana ciddi fiziki zərər gətirmir. Digər tərəfdən, prinsipcə nəzərə alınır ki, sərt qaydalardan yalnız terrorçulara münasibətdə bəhrələnilir.

Amma onu da demək lazımdır ki, Obama hakimiyyətə gələrkən işgəncələr əleyhinə səsləndirdiyi çıxışda korrektələr apararaq MKİ-nin müdafiəsinə qalxdı. O, qurumun əməkdaşlarının yalnız Ədliyyə Nazirliyinin əmrlərini yerinə yetirdiyini qabartdı. Prezident 2009-cu ilin aprelində MKİ-nin Buşun dövründə qəddarlığa yol vermiş və bu zaman bəlli sxemlə hərəkət etmiş zabitlərinin məhkəmə təqiblərinə məruz qalmayacağını vurğuladı. Yeri gəlmişkən, həmin vaxt bir sıra hüquq-müdafiə təşkilatları, o cümlədən nüfuzlu «Human Rights Watch» Obamanı sərt tənqidə məruz qoydu, onu ikiüzlülükdə günahlandırdı.

Bəzi məlumatlara görə, ABŞ-ın bir sıra həbsxanalarında dindirmə metodları terrorçuluqda günahlandırılmış məhbusların həssas orqanlarına təsir göstərilməsinə hesablanırdı və elə hərəkət edilirdi ki, bədəndə iz qalmasın. Mövcud mənada Beynəxalq Qırmızı Xaç Komitəsinin hesabatı da maraq doğurur. Sənəddə bildirilir ki, keçmiş məhbuslar əsasən istiliyin artırılması, uzun müddət güclü səs-küy hesabına yatmağa imkan verilməmək, həddən artıq qaranlıq yerdə saxlanılma yolu ilə zülmə məruz qoyulduqlarını deyiblər. Həbs edilmişlərin bəzisini isə uzun müddət ayaq üstə qalmağa məcbur edir, döyür, başlarına it xaltası keçirir, çılpaq saxlayaraq soyuq su ilə isladırdılar.

Onu da deyək ki, bu ilin fevralında Amerika həbsxanalarında səs-küy yolu ilə reallaşdırılan işgəncə metodlarına dair yeni məlumatlar üzə çıxdı. Ölkənin xüsusi təyinatlılarından birinin (Bin Ladenin məhvindən iştirak etmiş) söylədiyinə görə, məhbusların sorğu-sualdan öncə hevi-metal stilində musiqini, həmçinin Metallika qrupunun bəstələrini qulaq batıran səslə eşitdirirmişlər. Eyni metodlar Əbu-Qreybdə və Quantanamoda da istifadə olunurdu. Bütun bunlar isə Pentaqonun rəsmi icazəsi ilə həyata keçirilirdi.

Bağdadın Əbu-Qureyb həbsxanasında baş vermiş və müəyyən çalarlarla Türkiyə istehsalı olan «Qurdlar vadisi - İraq» filmində də yer almış epizodlara gəldikdə, həmin vaxt belə demək mümkünsə, yolverilməz işgəncələrdən istifadə olunub. Türmə gözətçiləri öz təşəbbüsləri ilə məhbuslara əziyyət veriblər.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə