Afrikanı müsəlman əsilli çinli kəşf edibmiş (YENİLİK)

Avropa və dünya tarixşünaslığı çinlilərin kağızın, barıtın və kompasın ixtirasındakı xidmətlərini qəbul edir. Bir neçə gün öncə isə ABŞ arxeoloqları Afrika qitəsindəki Keniyanın ərazisindən 600 il əvvəlin Çin pullarını tapıblar. Bu isə onu deməyə əsas verir ki, qıyıq gözlülər hamıdan öncə Şərqi Afrika sahillərinədək üzməyə müvəffəq olublar. Və deməli, onlar avropalı dənizçiləri qabaqlayıblar. Müvafiq olaraq dövriyyəyə çinlilərin Afrikanı kəşf etmələrinə dair diskussiyalar girməyə başlayıb.

Əlbəttə, sensasiya böyükdür. Diametri 2 santimetr olan, dördtərəfli, ortası deşikli metal parçalarını Afrika tayfalarının etdiyi kimi ipdə gəzdirmək də mümkün idi. Həmin parçalar cüzi gümüş qarışıqlı misdən hazırlanmışdı. Ancaq belə düşünməyə əsas var ki, pullar hansısa qaradərili aborigenin əlinə düşməzdən öncə amerikalı alimlərə rast gəlib. Nəticədə Birləşmiş Ştatların İllinoys Universitetinin və Tarix Muzeyinin əməkdaşları özlərinin böyük kəşflərini gerçəkləşdiriblər.

Əlbəttə, iş təkcə metal pullarda deyil, onların mahiyyətindədir. Sikkələr Çinin Min sülaləsinin zamanında imperator Çen Dzunun hakimiyyətinin (1402-1424) rəmzi kimi külli miqdarda, təxminən milyon ədəd dövriyyəyə buraxılıb. Keniyanın cənub-şərq sahilindəki Manda adasında aparılmış arxeoloji qazıntılar zamanı tapılan pulların sayı isə çox azdır.

Qeyd edək ki, «Min sülaləsinin tarixi» kitabında yazılıb ki, Çen Dzu silah gücünə hakimiyyətə gəldikdən sonra dünyanın on min ölkəsində öz nüfuzunu yaymağa başlayıb. Bu məqsədlə dörd bir yana səfirlərini göndərib. Tezliklə o, 300 gəmilik donanma yaratmaq barədə əmr verib. Kitabda bildirildiyinə görə, yeni imperator həm hakimiyyətə qeyri-qanuni yiyələndiyi üçün özünə qarşı baş verə biləcək çıxışları, həm də Çinin gücünü dünyaya yaymaq üçün güclü hərbi birləşmələrə ehtiyac duyurdu.

Beləcə 1405-1422-ci illər aralığında dövrün görkəmli səyyahı və dənizçisi Çen Xenin rəhbərliyi altında Hind okeanı hövzəsindən Ərəbistan və Afrika sahillərinədək uzanan ərazidə ekspedisiya həyata keçirilir. Birinci versiyaya görə, Xe Min sülaləsinin Timur dövləti ilə mübarizə aparması naminə müttəfiqlər tapmalı imiş. Ancaq «Min süluləsinin tarixi»ndə bu ekspedisiyanın məqsədilə əlaqədar daha bir versiya da var. Bildirilir ki, Çen Dzu sələfi və öldüyü bilinən qanuni varis Çju Dinin sağ olduğunu və dənizdə gizləndiyini düşünürmüş. Onu tapmaq istəyirmiş.

Çen Xenin rəhbərlik etdiyi donanmanın  11 iyul 1405-ci il tarixdə hərəkətə keçmiş birinci ekspedisiyasının tərkibinə 40-50 metr uzunluğa malik 62 böyük gəmi daxil idi. Gəmi heyətinin sayının 27800 nəfər olduğu bildirilir. Burada Xe barədə məlumat da maraqlıdır. Deyilənə görə, onun atası və babası müsəlman olublar və hətta müqəddəs həcc mərasimində də iştirak ediblər.

Çen Xe Çinin Xristofor Kolumbu olub. Bu fikir Çikaqonun Afrika antrapologiyası muzeyinin elmi işçisi Çapuruxa Kusimbaya məxsusdur. Onun bildirdiyinə görə, Xenin Keniyada olduğunu təsdiqləyən sübutun tapılması böyük hadisədir… Bununla belə 1424-cü ildə hökmdarın ölümündən sonra Afrika ilə əlaqələr itir. 1430-cu ildən yenidən dəniz diyarları ilə münasibətlərin yaradılmasına başlanılsa da, 1435-cu ildə Xenin də ölümündən sonra missiya tamamilə başa çatır.

Qeyd edək ki, Ç.Xe demək olar, ömrünün yarısını Çinin cənub dənizlərində təsirini gücləndirməyə sərf edib. Onun fəaliyyəti nəticəsində xaricdə Çin koloniyalarının sayı artıb, Çinin xarici ölkələrlə ticarət əlaqələri yaradılıb, o dövrün dənizçilik texnologiyaları təkmilləşdirilib. Hazırda məhz Xenin tarixi xidməti əsas tutularaq hesab edilir ki, Min sülaləsinin hakimiyyəti dövründə çinlilər Afrikanı avropalılardan öncə kəşf etməyə müvəffəq olublar.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə