Atom bombası, yoxsa Stalin… (YENİLİK)

Nüfuzlu «Foreign Policy»də yer almış məqaləsində Britaniya-Amerika məxfi informasiya şurasının əməkdaşı, politoloq Uord Uilson maraqlı fikirlər səsləndirib. «Atom bombası haqqında beş mif» kitabının müəllifi olan Uilson bildirib ki, Yaponiyaya qarşı nüvə silahının istifadəsi artıq çoxdandır gedən mübahisələrin əsas mövzularındandır. Onun dediyinə görə, hələ 1965-ci ildə tarixçi Har Alperoviç Yaponiyanın atom bombasınadək təslim olmaq istədiyini vurğulamışdı. Həmin vaxt bu mövqenin əleyhidarları atom bombasının atılmasının vacibliyini neçə-neçə insan həyatının xilası baxımından əsaslandırmışdılar. Məqalə müəllifi məsələnin qoyuluşu ilə razılaşmadığını diqqətə çatdırır və fikrini əsaslandırmağa çalışır.

Uilson mülahizələrdəki ilk zəif cəhətin ABŞ-ın tarixi ədəbiyatlarından irəli gəldiyini vurğulayır. Birləşmiş Ştatların dərsliklərində bildirilir ki, avqustun 6-da birinci atom bombası atıldı, 9-da atılmış ikinci bombadan sonra Yaponiya təslim olmaq məcburiyyətində qaldı. Beləliklə amerikalıların gözündə kuliminasiya anı avqustun 6-da baş verib. Yaponlar isə avqustun 9-nu əsas tuturlar. Çünki məhz həmin gün Yaponiyanın Ali Şurası ilk dəfə qeyd-şərtsiz təslim olma məsələsini müzakirəyə çıxardı. Buna səbəb nə oldu? Hər halda söhbət Naqasakiyə atılan bombadan gedə bilməzdi. Ona görə ki Ali Şurasının iclası amerikalıların ikinci atom bombasını atmasından əvvəl toplaşmışdı. İclasa ikinci bomba xəbəri tədbirin naharından sonra gəlmişdi. O zaman müzakirələr bir növ, heç-heçə başa çatmış və səsverməyə Yaponiyanın Nazirlər Kabinetinin bütün tərkibi qatılmışdı. Əslində Xirosima məsələsi də müəmmalıdır. Sual olunur: nəyə görə Ali Şura bölgənin bombalanmasından yalnız üç gün sonra toplandı? Buradan belə qənaətə gəlinir ki, təslim məsələsini müzakirəyə çıxarmaqda başlıca məqam heç də atom bombası deyilmiş.

Uilson atom bombası ilə bağlı mülahizələrdəki ikinci zəif cəhət kimi partlayışın miqyasını göstərir. O bildirir ki, 1945-ci ilin yayında Amerika aviasiyası adi bombalarla 66 yapon şəhərini bobardıman etdi ki, bunun nəticəsində dağıntıların və ölənlərin sayı atom bombasının gətirdiyi tələfatdan qat-qat artıq idi. Mövcud durumda Uilson cavabını özü səsləndirdiyi sual verir: «Əgər Yaponiyanı Xirosima və şəhərlərinin bombalanması narahat etməmişdisə, bəs ölkəni rahatsız salan nə idi? Əlbəttə, SSRİ».

Siyasi ekspert bildirir ki, Yaponiyanın ali hərbi rəhbərliyi müharibənin uduzulduğunu düşünürdü. Qarşıda duran əsas məsələ isə sərfəli sülh variantı əldə etmək idi. Mövcud istiqamətdə yaponların iki planı olmuşdu.

Birinci istiqamət diplomatiyaya əsaslanırdı. 1941-ci ilin aprelində Yaponiya SSRİ ilə bitərəflik haqqında pakt imzalamışdı. Hüquqi cəhətdən həmin paktın təsir müddəti 1946-cı ildə bitirdi. Yaponiyanın xarici işlər naziri Toqo Siqenori istəyirdi ki, Stalin onlara Yaponiyanın ABŞ və müttəfiqləri ilə anlaşmasına köməklik göstərsin. Bu, düzgün qərar idi. Çünki Stalin ABŞ-ın Sakit okean hövzəsində möhkəmlənməsini istəmirdi və çalışa bilərdi ki, sülh danışıqları Birləşmiş Ştatlar üçün əlverişli alınmasın.

Yaponiyanın ikinci planının müəllifi ordu naziri Anami Koreçiko başda olmaqla hərbçilər idilər. Onlar müqavimət nəticəsində ABŞ-ın çoxlu sayda itki verəcəyini və nəticə etibarilə istənilən sülhlə razılaşacağını düşünürdülər. Həqiqətən də Amerika komandanlığı böyük itkilərdən çəkinirdi.

Avqustun 8-dək bu planların hər ikisi keçərli idi - Stalini vasitəçiliyə razı salmaq, ya da ABŞ-la qanlı döyüşə hazırlaşmaq. Xirosimanın bombalanması belə düşüncələrin heç birini alt-üst etmirdi. Ancaq SSRİ-nin qəfildən Yaponiyaya müharibə elan etməsi, Mancuriyaya və Saxalinə qoşun yeritməsi tamam fərqli vəziyyət yaratdı. Stalinin vasitəçiliyinə bəslənilən ümidlər puça çıxdı. Hər iki bölgədə uğur qazanan Sovet İttifaqı artıq Hokkaydo adasını hədəfləyirdi. Adada isə yaponların cəmi iki briqadası və iki diviziyası vardı. Mövcud durumda yaponlar iki cəbhədə, özü də super güclərə qarşı vuruşmağın mümkünsüzlüyünü anladılar. Uilsonun fikrincə, Xirosimanın bombalanması deyil, məhz SSRİ-nin hücumu Yaponiyanın təslim olmasında həlledici rol oynadı.

Uilsonun bütün bunları vurğulamaqda başlıca məqsədi Amerika tarixşünaslığının faktları təhrif etməsini diqqətə çatdırmaqdır. O xüsusi vurğulayır ki, SSRİ Mancuriya cəbhəsində cəmi dörd gün ərzində böyük uğur qazanmaqla əslində Amerikanın dörd il müddətində Yaponiyaya edə bilməyəcəyini həyata keçirdi. Müəllifin məqaləsində diqqətə çatdırılmalı ən başlıca məqam isə atom bombasının təhlükəliliyinin qabardılmasıyla bağlıdır. Onun fikrincə, Xirosima və Naqasaki hadisələrindən nüvə silahının həllediciliyinə dair mif yaratmaq məqsədilə bəhrələnilir və bu xətt beynəlxalq siyasətə də təsirini göstərir. Halbuki əndişəyə əsas yoxdur. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə