Zorlama, yoxsa qalibiyyətə görə sekslə mükafatlandırılma? (TARIX)

ABŞ tarixçisi İkinci Dünya Müharibəsi zamanı Amerika əsgərlərinin Fransadakı özbaşınalıqlarından yazıb

1945-ci ilin avqustunda Fransa Havrının meri bu liman şəhərində yerləşən ABŞ qoşunlarının komandanlığına şikayət məktubu ünvanladıqdan sonra on minlərlə Amerika əsgəri vətənlərinə yola salındı. Çünki mer tez bir zamanda şəhər kənarında xüsusi klubların təşkilinin vacibliyini vurğulayır və bildirirdi ki, əsgərlər günün günorta çağı hamının, o cümlədən uşaqların və yaşlıların gözü önündə qadın xeylaqlarına qarşı əxlaqsız hərəkətələrə yol verirlər. Onun sözlərinə görə, əyyaşlıq oyunları ilə heç bir əndazə tanımayan uniformalı amerikalılar seksual terror rejimi yaradıblar.

ABŞ komandanlığı Havr merinin tələbini rəsmən rədd etsə də, sonrakı mərhələdə məsələyə korrekt yanaşmağı da düşünmüşdü. Çünki 1944-cü ilin iyununda yerli əhali tərəfindən xilaskar kimi qəbul edilən şəxslər, yəni əsgərlər az qala faşist Almaniyasının qaniçənlərindən də betər şəklə düşmüşdülər. Bu işdə təbliğat da öz rolunu oynamışdı. Məsələn, həmin vaxtın «Stars and Stripes» adlı hərbi qəzeti əsgərlərə  guya fransız dili öyrədirdi. Özü də çox primitiv tərzdə. Başlıca olaraq hərbçilərə «sən gözəlsən», «valideynlərin evdədirmi?» və sair bu kimi müraciət formaları anladılırdı. Belə hesab olunurdu ki, ABŞ əsgərlərinin Normandiyada göstərdikləri igidlik mükafatlandırılmalıdır. Görünür, mükafatlandırılma sekslə, ən pis halda isə pul ödəmək müqabilində olan sekslə olmalıymış. Həmin dövrün kütləvi informasiya vasitələrindən olan «Panther Tracks»ın yazdığına görə, həzz almaq üçün lazım olan məbləğ orta hesabla 150 frank idi. Daha gözəl və şıltaq xanımlara 600 frank xərclənirdi.

Qeyd edək ki, Amerikanın Fransanın azad olunmasıyla bağlı tarixinin qaranlıq səhifələrinə aydınlıq gətirilməsində başlıca rol ABŞ tarixçisi Meri Luiz Robertsə məxsusdur. O, özünün «Əsgərlər nə edirdilər: seks və Amerika əsgərləri Fransada İkinci Dünya Müharibəsi zamanı» kitabını yazaraq yuxarıdakı həqiqətləri ortaya qoyarkən əslində böyük bir qadağanı da pozmuş olub. Çünki tarixçinin apardığı tədqiqat müharibədə döyüşmüş «böyük nəslin» faşizmə və yapon imperializminə qarşı mübarizə yollarına, necə deyərlər, bəşəriyyət qarşısındakı xidmətlərinə kölgə salır. Onların zəfərini heçə endirir. Görünür, elə bu səbəbdəndir ki, Amerika KİV-ləri xanım Robertsin araşdırmalarına o qədər də böyük önəm vermir.

Meri Luiz Roberts isə kitabında bildirir ki, heç bir halda İkinci Dünya Müharibəsi illərində böyük şücaət göstərmiş amerikalıların xidmətlərini heçə endirmək niyyəti yoxdur. Sadəcə o, müxtəlif dəlillərlə əsaslandırır ki, 1944-1945-ci illərdə təxminən 20 yaşlarında olan gənclər heç də günahsız deyildilər. Mövcud məqama aydınlıq gətirən tədqiqatçı vurğulayır ki, əsəs məqsədi həmin qəhrəmanları eyni zamanda adi insanlar kimi də göstərmək, onların xarakterlərini tamamlamaqdır: «Mən seksi ön plana çıxarıram. Çünki hesab edirəm ki, seksuallıq bir insanın digəri üzərində hegemonluğunu təsdiqləyən mühüm faktordur».

Xanım Roberts daha sonra bildirir ki, Havrda olan «terrorçu rejim»in hərəkətini heç bir halda Qırmızı Ordunun ayaq basdığı yerlərdə çıxardığı oyunlarla müqayisəyə gətirmək istəmir. Ancaq Amerika hərbçiləri Fransada həqiqətən də qadınları zorlayıblar, komandanlıq isə onların bu hərəkətlərini yalnız şıltaqlıq kimi qiymətləndirib. Fransanın və ABŞ-ın arxivlərinin məxfilik qrifi 2005-ci ildə aradan qaldırılmış sənədlərinə istinad edən tarixçinin sözlərinə görə, amerikalıların Fransada yumşaq desək, özlərini yaxşı aparmadıqları ordu tarixi ilə bağlı xoşagəlməz haldır və belə hallar üzə çıxarılmalıdır ki, gələcək nəsil pisliklərin yolverilməzliyi prinsipindən örnək götürsün.

Onu da deyək ki, Meri Luiz Robertsə qədər də oxşar tədqiqatlar aparanlar olub. Məsələn, 2008-ci ildə çıxmış «Azadlığın acılı yolu» kitabının müəllifi Uilyam Hiçkok bildirib ki, Amerika komandanlığı Fransada baş vermiş özbaşınalıqları tədqiq edərkən zorlama hadisəsinin həqiqətən də zorlama olduğuna hüquqi qiyməti əsgərlərin dərisinin rənginə görə verirmiş. Tabeçiliyindəki hərbçiləri «Co» və «Codi» qruplarına bölmüş komandanlıq qara dərililərin çoxunu zorlamaya görə cəzalandırırmış. Bəzən hətta həddən artıq sərt tədbirlər də görülürmüş.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə