Xeyirxahlıq kreditlə

Gülnarə RƏFİQ

Amerika rejissoru Mimi Lederin «Başqasına ödə» adlı filmi var. Film Ketrin Rayan Haydın eyniadlı əsəri əsasında çəkilib. Sadə, həyati süjeti var, adamı ekranlara bağlayacaq qədər təlatümlü və effektli deyil. Amma filmdə bizim cəmiyyət və Amerika cəmiyyəti arasında olan uçurum o qədər aydın görünür ki…

Amerika cəmiyyəti burda həsəd aparıcı qədər gözəl təsvir edilməyib. Filmin müsbət qəhrəmanı belə mütəmadi içəndir, üzünə qayıdan oğluna şapalaq da çəkir. Yaxud o biri qəhrəmanlar küçədə gecələməli olurlar. Çünki birisi narkoman, o birisi alkoqolikdir. Mərkəzi fiqur, müəllimin həyatını yaxından öyrəndikdə anlayırıq ki, kostyum və düzgün tələffüzü və gözəl söz bazası olsa da, onun da psixoloji problemləri var. Əvvəldə müəllimin yanıq çapıqları onun hansısa müharibədə aldığı travmalara bənzəyir. Bu zaman biz də, yəni tamaşaçı da onun hərbi əməliyyatlardan başıuca çıxdığını düşünürük. Amma əslində o yanıqlarını məişət dramı zamanı alıb. 12 yaşında olarkən içib anasını döyən atasını hədələyib. Atası isə uşağın üstünə benzin töküb yandırıbmış. Qəhrəman artıq ahıl yaşında olsa da, balasını yandırarkən atasının gözünün içində gördüyü parıltını xatırlayanda göz yaşını saxlaya bilmir. Filmdə ana-bala, ata-uşaq problemləri qabarıq şəkildə göstərilib və ailə içində böyüyən bizlər onlara yalnız acıya bilərdik.

Amma burada həsəd aparacaq bir neçə məqam vardı. Əvvəla müəllim sinifdə uşaqlarla bərabərhüqqulu insan kimi davranırdı. Dərs prosesində mövzu və metodika məsələlərində seçimi azad idi. Oralarda yuxarıdan göndərilmiş metodiki vəsaitlər yəqin ki, köməkçi funksiyası daşıyır və bizim müəllimlərimiz kimi iş planına mütləq əməl etmək göstərişi ilə dərs keçirilmir. Yəni dil üzrə müəllim ilk dərsdə uşaqlara «Mənim gözəl dilim», ya «Ana dilim» mövzularında inşa yazdırmaq əvəzinə həyatdan danışır və bir il sürəcək bir tapşırıq verir. Uşaqlar «Mən dünyaya nə verə bilərəm və onu necə dəyişdirmək olar» mövzusunda ideyalarını səsləndirməli və ilin sonunda keçirdikləri təcrübələri ilə bölüşməli idilər. Uşaqlar müxtəlif ideyalar irəli sürürdülər. Onların içində sayt açıb bütün çinliləri eyni zamanda tullanmağa vadar edib bununla Yer kürəsini öz oxundan çıxarmağı təklif edən gülməli layihələr də vardı. Amma sinfin ən sadə, gözə çarpmayan şagirdi dünyanı dəyişməyin öz yolunu təklif etdi. Onun yazı taxtasında çəkdiyi modelə görə hər kəs 3 nəfərə təmənnasız bir xeyirxahlıq edir. Əvəzini qaytarmaq istəyənə deyir ki, ona yox, başqa 3 nəfərə yaxşılıq etsin. Beləliklə bu model işləsə, qısa zamanda yaxşılığa düçar olmuş 3 nəfər 9 nəfəri, onlarsa öz növbəsində 27 nəfəri xoşbəxt edəcək. Layihəni utopik, amma maraqlı adlandırırlar və uşaq müəllimin tərifinə layiq görülür.

Film naməlum adamın küçədə tanımadığı birisinə «Yaquar» markalı maşınını bağışlaması ilə başlayır. Həmin adam jurnalist olduğundan bu qədər qiymətli hədiyyə verən adamın yaxasından zəli kimi yapışıb həqiqəti bilmək istəyir. Məlum olur ki, maşını hədiyyə verən adamın qızı ağır astma xəstəsidir. Onlar xəstəxanada növbə gözləyərkən həkim ilk növbədə qolu yaralı bir zənciyə qulluq edəcəyini dedi. Amma qız artıq boğulma ərəfəsində idi. Qolu yaralı zənci öz növbəsini bu qıza vermək istədikdə həkim yaralara baxmalı olduğunu deyirdi. Sonunda həmin zənci cibindən tapanca çıxarıb güllə ataraq həkimi boğulan qıza baxmağa məcbur etdi. Qızı ölümdən qurtarsa da, əvəzində xəstəxanada güllə atdığına görə türməyə düşdü. Ata qızına həyatı bahasına yaxşılıq etmiş zəncinin arzusuna görə tamam başqa, tanımadığı adama xeyirxahlıq edəcəyini söz verdiyindən küçədən keçən ilk adama maşınını bağışladı. 

Jurnalist bu xeyirxahlıq zəncirinin ucunu tutub gedir və məlum olur ki, bir qədər əvvəl zəncinin özü də bu tip xeyirxahlığa «yoluxubmuş». Küçədə gecələyən alkoqolik qadın onu polis təqibindən xilas edib və əvəzində başqa birisinə xeyirxahlıq etməyini istəyib. Bu xeyirxahlıq yoluxucu xəstəlik kimi ətrafa yayılarkən onun ideya müəllifi, yəni modeli yazı taxtasında çəkib sinif yoldaşlarının gülüş hədəfinə çevrilən şagird ümidqırıqlığı keçirirdi. Çünki küçədə gecələyən narkomanı evinə gətirib, yedirib, içizdirib, daxılındakı pullarını verib işə düzəlməyinə kömək etmişdi. Həmin narkoman işə düzələn kimi ilk maaşını yenə də narkotikə verir. Uşaq bilmirdi ki, həmin bu narkoman az sonra intihar etmək istəyən qadını kofe içməyə çağırmaqla xilas edəcəkdi. Şagird anasını içkidən çəkindirmək üçün plan cızır və onu tənha həyat sürən müəllimi ilə tanış edir. Xeyirxahlıq modeli işləmədikcə oğlan siyahıdan bir-bir insanların adını silib sonunda ideyanın yararsız olduğunu etiraf eləməli olur. Çünki dünyalarca istədiyi müəllimi də təmənnasız xeyirxahlıq etməyə ilk addımı atmağa çəkinir. 

O hələ bilmirdi ki,  zəncini xeyirə yoluxduran alkoqolik qadın onun doğma nənəsi idi. Nənəni isə illər uzunu onu görmək istəməyən anası yoluxdurubmuş. Oğlunun fikirlərindən ilhamlanıb küçədə gecələyən və içkiyə qurşanmaqla tamamilə simasını itirmiş anasından üzr istəmiş və uşaqlıqda keçirdiyi əzablara görə onu bağışladığını demişdi. 

Filmin çox kədərli sonluğu var. Oğlan zəif dostunu müdafiə etmək istəyərkən bıçaqlanır və vəfat edir. Amma bir qədər əvvəl o, yoluxucu xeyirxahlıq mövzusunda axtarış aparan həmin o «Yaquar» maşını hədiyyə almış jurnalistə müsahibə vermişdi: «İnsanlar dünyanı dəyişə bilməyəcəklərini düşünürlər. Ona görə də ilk addımı atmağa çəkinirlər. Amma sən istəsən dünya istədiyin kimi ola bilər…». 

Bu uşaq çox şeyləri bilmirdi. Bilmirdi ki, ölümündən sonra ruhdan düşmüş anasına ümid vermək üçün qapılarının ağzına yüzlərlə adam yığışıb xatirəsinə şam yandıracaqdı və ananın dərdinə şərik olub göz yaşı tökəcəkdi. Sonradan onun ideyası hərəkata çevriləcək və Amerikanın bir çox şəhərlərinə yayılacaqdı.

Həqiqətən də xeyirxahlıq yoluxucu ola bilərmiş. Dünyanın ən təmənnasız xeyirxahlığı fırlanıb, dolanıb, insan talelərindən keçib müəllifinin üstünə nə vaxtsa qayıda da bilərmiş. Bu sadə məsəli hamı bilir, amma hamı ona inanmır. Hər kəs xeyir işin xeyrini ani olaraq, dərhal əvəzini almaq istəyir. Xeyir işlərin əvəzi gecikdikcə isə şərin daha işlək olduğuna inanmağa başlayır.  Əgər yol üstünlüyün olsa da, başqa bir maşina yol versən, o növbəti tində olmasa da, az sonra beləcə başqa birisinə yol verəcək. Sən ağlayan bir uşağın könlünü alsan, bu xeyir də tüfəngin lüləsindən çıxmış «güllə» kimi üstünə qayıdıcıq və sənin də balanın başını sığallayan tapılacaq. Hər kəs bu filmdə verilən modelə əsasən 3 nəfərə təmənnasız xeyirxahlıq edib əvəzini istəməsə, o da öz növbəsində daha 3 nəfərin əlindən tutsa, necə bilirsiz, dünya gözəlləşərmi? Sanki bankdan alınmış kredit kimi qabaqcadan haqqı ödənilmiş xeyirxahlıq da üstündə faizi ilə geriyə qayıda bilər.

Şər də həmin bu sxem üzrə artıb dünyanı basır. Bütün bunlar cəmiyyətdə artıq işləməyindədir. Amma insan zəkası bütün prosesləri tam əhatə etmək iqtidarında deyil. Ona görə də hərə özünə görə sadə bir model çəksin və onun işlək olmasına şübhə etməsin…

"Bizim yol" qəzeti, 11yanvar 2014-cü il.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə