12 qəddar həqiqət (MARAQLI)

Müasir zamanda İnternet inkişaf etdikcə, sosial şəbəkədə paylaşmalar artdıqca, yazdığın sözü, dediyin kəlməni bir andaca dünyanın o biri başına çatdıran proqramlar çoxaldıqca informasiya əldə etmək bir fincan çay süzüb içmək qədər asan olub. Bəzən informasiya selinin altında əsil həyati həqiqətləri itirmək təhlükəsi də yaranır. Bəzən bir kitab oxuyursan, amma sonra ordan bir cümlə də xatırlaya bilmirsən. Həmin cümləni aforizmləri yığıb paylaşan saytda bir daha gördükdə xatırlayıb barmağını dişləyirsən. Həyat kitabının da aforizmlərini beləcə toplayıb qarşımıza qoyan olaydı! Burda yazılanlara müəlliflik iddiam yoxdu. Çünki onları İnternet adlı böyük bir informasiya okeanında tor atıb balıq kimi tutub çıxarmışam.

Keçmiş həyatınıza ötəri bir nəzər salsaz xatırlayarsız, elə olub ki, sizinçün daha yaxşı olacağını düşündüyünüz bir məqsədə can atdığınız zaman yolunuzu nəsə kəsib və tamamilə başqa səmtə yönəldilmisiz. Sonunda hər şey həqiqətən də yaxşı sonluqla bitib. Axı hər kəs bütün Kainatı nəzarət  altında saxlaya bilməz. Nəinki Kainatı, hətta öz həyatını və taleyini də. Bəzən sadəcə rahatlaşıb hər şeyin yaxşı sonluqla bitəcəyinə inanmaq lazımdı. Həyatın yüyənini boş buraxıb hər şeyə öz yoluyla irəliləmək şansı vermək vacibdi. Ola bilər, dəyişə bilməyəcəyiniz məqamlar sizə bir qədər yaxşı olmağa imkan yaradacaq. İnsanlarsa yaxşı olmaq imkanını əldən verməz. 

1. Hər şey yaxşılığa doğru olur

Bəzən ən faciəvi, stress yaşadacaq anlar axır nəticədə bizə çox yaxşı bir həyat dərsi keçir. Bu dərsi heç kim öz xoşuna öyrənməzdi. Bir xatırla, yəqin ki, həyatında elə məqamlar olub ki, hər şeyin param-parça olduğunu düşünmüsən, «Bu sondur!» deyib başını əllərinin içində tutub ardını yaşamağın mümkünsüzlüyünü fikirləşmisən. Amma əslində hər şey yaxşılığa doğru olub, elə deyilmi? Üstündən bir qədər keçdikdən sonra bunu etiraf etmək də olar.

2. Arzular da qocalır, zirək ol

Həyatda itirəcəyin bir şeyləri xatırlaya bilmirsənsə onda həyatın mənasını axtarmaqda davam etsən yaxşıdı. İlk dəfə itki ağrısını çəkəndən sonra arzuladığın həyata tərəf ilk addımı atmış olursan. Bu istiqamətdə ikinci addım odur ki, «mən belə yaşamaq istəmirəm və həyatımı köklü surətdə dəyişməliyəm» fikirləşirsən. Həyatı dəyişmək insan üçün çox qorxulu məqamdır. Amma bunu bilən hər kəs onu da bilir ki, sonradan peşmançılıq çəkmək qorxusu da var. Ardınca hərəkət olmayacaqsa arzular əbədi olaraq arzu statusunu dəyişməmiş qocalır. Arzusuz hərəkətsə vahimə doğurur. Öz yolunu tapmağa adama həm ürək, həm də cəsarət gərəkdi. Divin yatağında gecələməyə razı olmuş Cırtdan kimi, Təpəgözün yeganə gözünə nizə batırmaq qərarı vermiş Məlikməmməd kimi içindəki nəhəngi oyat.

3. Ağrısız dəyişikliklər olmur

Yalnız böyük ağrı, zərbə adama bütün potensialını açmaq imkanı yaradır. Bu dəhşətli, stress dolu bir seçim son nəticədə məqsədəuyğun nəticə verir. Ağrısız dəyişikliklər olmur. Amma bir xatırlatmanı da dinlə, ağrını ondan xeyir götürəcək qədər yaxına buraxmaq lazımdı. Sonra mütləq ondan qurtulmalısan.

4. İrəli, yoxsa geri?

Həyatda ən çətin seçim odur ki, nə vaxt geri çəkilməli, nə vaxtsa hücuma keçməli olduğunu dəqiq biləsən. Bunlar arasında düzgün seçim ölüm-dirim məsələsidir, ən azı. Bir var kimisə dəyişdirmək istəyəsən, bir də var səni dəyişdirmək istəyəndən qorunasan, arada prinsipial fərq var. Amma növbəti arzunun uğrunda ova çıxmısansa deməli daha bir addım atmaq lazımdı. Bu addım arzudan uzaqlaşdıra da bilər, onu reallaşacaq qədər yaxın da edə bilər. Hər şey olur. Ola bilər bir arzunun ovuna çıxan zaman yeni arzu əmələ gəlib yerdə qalanlarını süpürüb bir kənara atdı. Belə anda əli qoynunda dayanıb durmazlar ki…

5. Öz dostun ol!

Ən əvvəl özünü düşün, özünün qeydinə qal. Bu dünya səninçün yaradıldı. Başqalarının dostu olmamışdan əvvəl gərək özünün dostun olasan. Başqasını dəyişməmişdən əvvəl özünü dəyişdirməlisən. Başqalarını xoşbəxt etməmişdən əvvəl özün xoşbəxt olmalısan. Buna xudbinlik, özünə vurğunluq, eqoizm deməzlər. Bunun başqa bir adı da var: fərdi inkişaf proqramı. Özünə gücü çatmayan adamın bu boyda dünyaya gücü çatarmı? Özünü tənzimləməmiş insan ətrafındakı mühiti tənzimləməyə çırmalana bilər? Əslində özünü, fikirlərini səliqəyə salan kimi ətraf dünya da sahmana düşür.

6. Ətraf dünya sadəcə dekorasiyadır

Dünyanın ən böyük azadlığı odur ki, ətrafındakıların sənin barəndə nə düşündüyünü vecinə almayasan. Nə qədər ki, ətrafdakıların fikri səni narahat edir, onların rəyi səniniçün vacibdirsə sən onlara məxsussan. Ətrafdakıların rəyindən qurtulduğunuz an, onların fikrini ürəyinə salacaq qədər həssas olmaya bilsən onda özünə məxsussan və bu mövzuda təbrikləri qəbul etməyə hazırlaş. 

7. Təklik tənhalıq deyil

Ola bilər, sənə bir qədər tənhalıqda olmaq gərəkdir. Yalnız bu sakitçiliyi yaşayandan sonra anladın ki, tək olmaq heç də tənha olmaq demək deyil. Ola bilər yaşantındakı mənfi olaylar zamanı müştərək məsuliyyət daşıdıqda belə mənfi və müsbət arasında bölgü düzgün aparılmayıb və xeyrinizə olmayıb. Təklikdə özünə əminliyi qaytarmaq daha tez başa gəlir. Bəlkə təklik münaqişənin müsbət həllinin daha bir neçə variantını ortaya çıxaracaq, bilmək olmaz. İnanmazsan, amma içini partladan sualların cavablarına malik olmaq əminliyi səni dünyanın ağlagəlməz mal-dövlətinə malik olanlardan daha xoşbəxt edə bilər. 

8. Göy qurşağını sevirsənsə yağışa dözməlisən

Həyatın yaradıcısı sən deyilsən və ona nəzarət etmək qütrətində ola bilməzsən. Amma sənin hakimiyyətinə bəzi məsələlər verilib, məsələn, göz qarşısında olanlara reaksiya vermək azadlığı. Şəraitə uyğunlaşmaq nə qədər rahat olarsa həyat ritmi də o qədər nizamlı gedər. Həyat maksimumları çoxaldıqca minimumların zərbələrindən sonra ayağa qalxmaq daha rahatdı. Dünya ilə yola getmək bu dəqiqə, bu an, elə bu yerdəcə baş verən pisli-yaxşılı bütün hadisələri  qəbul etmək müdrikliyi deməkdir. Elə adam var ki, səhər durub havanın yağışlı olmasından saatlarca deyinə bilər. Sən ki, bu qədər sadəlöhv olub buna görə əhvalını pozmazsan ki. Elə bu an kimsə yağışın altında islanmağından uşaq kimi sevinir bəlkə…

9. Sənə yalanlar deyəcəklər!

Yalanlar qarşıma çıxmayacaq - deməyin. Atalar məsəli var, üzünə duran düşmən yalan deyən dostdan min dəfə yaxşıdı. İnsanların dediyinə qulaq vermək adətini də yığışdırın. Onların əməllərinə baxın. Əməllər bütün həqiqəti açacaq qədər qüdrətli göstərici ola bilir. Yalanı doğrudan ayırmağı öyrənən kimi o artıq o qədər də qorxulu olmur. Yalanın gözünün içinə baxmaq və gülümsəmək müdriklik əlamətidir. 

10. İstədiyini çox istəsən sənin olmayacaq

Diqqətini əldə etmək istədiklərində cəmləsən sən heç vaxt istədiklərinə çata bilməyəcəksən. Amma artıq əlində olanlara görə minnətdar olmağı bacarsan axır nəticədə daha artığına layiq görüləcəksən. Xoşbəxtlik malik olmaqda olsaydı dünyanın bütün varlı adamları həm də xoşbəxtləri olardı. Zənginlik varidatda deyil, ruhun durumundadır. Rus dilində var-dövlət (dobro) həm də xeyirxahlıq deməkdir. Yəni ki, bu sözlə qədim ruslar xeyirxah adamın həm də zəngin olduğunu vurğulayırdılar. Bu, həm də xeyirxahlıq və zənginlik arasında müəyyən münasibətin, tarazlığın olduğuna işarə edirdi. 

11. Keçmişini bağışla

Biz keçmişdə buraxdığımız səhvləri özümüzə bağışlamağı sevmirik. Bəziləri buna görə özünü didib-dağıdır da. Hansısa səhvi buraxdığına görə layiq olduğun yerdə deilsənsə bu o demək deyil ki, orda heç vaxt olmayacaqsan. Hər şey hər bir anda dəyişə bilər, hər şey alt-üst olub yerlərini dəyişər, düyünlər açıla da, bir az da düyün düşə bilər. Bir qədər kənara çəkilmək vacibdir. Bir daha cəhd eləmək, bir daha sevmək, bir daha yaşamaq, bir daha da arzlamaq…

12. O gün gələcək

Ola bilər bu an, hər şey qaydasında deyil. Həmin gün gələcək, bu gün olmasa da sahab, biri gün… Sonunda hər şey olmalı olduğu kimi olacaq, başqa cür deyil. Vaxt vardı nəsə düzgün deyil düşünürdün. Elə bil ilişmişdin, yerində addımlayırdın. Amma ilişmədin, yerində durub qalmadın. Arabir Günəş də göy üzündə görünmür, bu onun tamamilə yoxa çıxdığından xəbər vermir ki. Bu arada ildırım da çaxa bilər, yağış da yağar, lap sel də gələr. Amma Günəş öz vaxtında üfüqdən boylanacaq, əmin ola bilərsən. 

***

Dediklərimə inanmırsansa həqiqəti hər yaz göyərən otdan, çiçəkləyən ağclardan, nəsil verən heyvanlardan, bircə gün yaşayacağını bilən, amma barama qurub çervilməyə hazırlaşan kəpənəkdən soruş.

Gülnarə Rəfiq, "Bizim yol" qəzeti, 1 may 2014-cü il.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə