Ermənilər Fransadan bərk yapışıb

«Biz təkcə Fransanın mandatının deyil, ümumiyyətlə ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə qarşıyıq. Çünki ötən müddət ərzində bu format özünü doğrultdu, bölgədə sülh və sabitliyi təmin etdi. Bu baxımdan hazırda nəzərdə tutulan dəyişiklik ümumiyyətlə yolverilməzdir». Bunu yerli ponarama.am saytına açıqlamasında Ermənistan parlamentinin Respublikaçılar Partiyasından olan deputatı Artak Davtyan Fransanın ATƏT-in Minsk Qrupundakı missiyasının Avropa Birliyinə keçəcəyinə dair məsələyə münasibət bildirərkən deyib.

A.Davtyan bildirib ki, Avropa Parlamentinin xarici əlaqələr komissiyasının məsələyə münasibəti yenilik deyil. Avropa Birliyi çoxsturkturlu qurumdur və o heç bir halda Fransanın mandatını əvəzləyə bilməz. «Nəzərə alınmalıdır ki, Dağlıq Qarabağ problemi çox tərəflidir. Orada müxtəlif nüanslar var. Təsəvvür edin ki, prosesə 27 ölkənin üzvü qoşulacaq. Onlar ayrılıqda problemi öyrənməlidirlər. Buna isə çox vaxt lazımdır», - deyə o əlavə edib.

A.Davtyan eyni zamanda bildirib ki, bəzi Avropa ölkələri Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı missiyasına qısqanclıqla yanaşırlar: «Biz buna yol verə bilmərik. Ermənistanın mövqeyi olmadan isə formatın dəyişdirilməsi mümkün deyil».

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə