İran müsəlman dünyasının ictimai rəyində: yüksəlişdən enişə (TƏHLİL)

ABŞ-da İranla bağlı siyasətin müzakirə edilən başlıca motivi məhz İsrailin təhlükəli saydığı məqamlara söykənir. Lakin amerikalılar İranın ərəb və ərəb olmayan qonşularının İslam Respublikasına münasibətinin önəmliliyini də yaddan çıxarmırlar. Məlumdur ki, ərəb dövlətlərinin bir çoxunun rəsmi Tehranla ciddi fikir ayrılıqları var. Bəs, görəsən, bu amil həmin dövlətlərin vətəndaşlarının İrana münasibətinə necə təsir göstərir?

Qeyd edək ki, amerikalılar son onilliklər ərzində region ölkələrinin ictimai rəyinin İran İslam Respublikasına (İİR) münasibətini müəyyənləşdirmək məqsədilə çoxsaylı sorğular keçiriblər. Bu tədqiqatlardan sonuncusu 2012-ci ildə aparılıb. Amerikanın "Huffington Post" nəşrinin yazdığına görə, həmin sorğuda 17 ərəb və 3 ərəb olmayan müsəlman dövlətindən - Türkiyədən, Pakistandan və vətənimiz Azərbaycandan ümumilikdə 20 min insanın rəyi öyrənilib. Tədqiqatda İranın vətəndaşına, mədəniyyətinə və nüvə proqramına baxışın ifadə olunmasına şərait yaradılıb.

Ərəb Amerika İnstitutunun prezidenti, Birləşmiş Ştatların Beynəlxalq Münasibətlər üzrə Şurasının üzvü Ceyms Zoqbi özünün yenicə çapdan çıxmış «İrana baxış: İranın ictimai rəydə yüksəlişi və enişi» kitabında mövcud istiqamətdə aparılmış işlərin əhəmiyyətli qismini toplayıb. Nəşrdə yer alan fikirlər ərəb və müsəlman dünyasının İrana münasibətində köklü dəyişikliklərin yarandığını söyləməyə əsas verir. Kiabdakı müqayisələr eyni zamanda qeyd edilən dəyişikliklərin hansı səbəblərdən yarandığı barədə təəssürat formalaşdırmaq baxımından əhəmiyyətlidir.

Öncə onu deyək ki, amerikalıların 2006-cı ildə İranın vətəndaşlarına, mədəniyyətinə və nüvə proqramına baxışla əlaqədar apardıqları sorğunun nəticələri İslam Respublikasının lehinə idi. O zaman respondentlərin 75 faizi İrana simpatiasını ifadə etmişdi. Maraqlıdır ki, Tehranla pis münasibətlərdə olan Səudiyyə Ərəbistanında göstərici 85 faiz idi. Üzərindən 6 il keçəndən sonra isə vəziyyət əvvəldə vurğuladığımız kimi, köklü şəkildə dəyişib. Hazırda İİR-ə müsbət münasibət bəsləyənlər cəmi 25 faiz təşkil etməkdədir.

Amerikalılar 2011 və 2012-ci illərdə regionda apardıqları sorğuların nəticələrinə əsasən eyni zamanda belə qənaətə gəliblər ki, əslində bölgə ölkələrinin birbaşa İrana münasibətində heç də böyük dəyişikliklər baş verməyib. 6 il öncə də baxışlar eyni idi. Sadəcə yaxın keçmişdə müsəlmanların İrana müsbət yanaşmalarına səbəb olan başlıca məqam İsrailin hərəkətləri, ABŞ-ın Livana, Fələstinə və İraqa münasibəti olub. Birincilər belə düşünüblər ki, İran Qərbin maxinasiyalarına qarşı güclü müxalifətdir və bu gücü dəstəkləyiblər. 2012-ci ildə vəziyyətin dəyişməsinə səbəb əvvəlki illərlə müqayisədə ABŞ-ın regiondakı varlığının azalmasıdır. Mövcud durumda İslam Respublikasının İraqda, Bəhreyndə, Livanda və Suriyada tutduğu mövqe Vaşinqtonun nisbətən passivliyi müstəvisində parçalayıcı təsir bağışlayır və buna görə də bölgə vətəndaşlarının ona baxışlarındakı müsbət meyllər aradan qalxır.

ABŞ-ın 2012-ci ildə apardığı sorğunun nəticələri onu da göstərir ki, bölgədə dini parçalanma mövcuddur. Sünnilər İrana və onun regional siyasətinə qarşı çıxırlar. Müvafiq olaraq şiələr İslam Respublikasını dəstəkləməkdədirlər. Ancaq sünniləri və şiələri birləşdirən bir cəhət də var. Təriqətlərin nümayəndələri hesab edirlər ki, İranın yeritdiyi kurs dini cərəyanlar arasında qarşıdurma yaradır. Hazırkı durumda müxtəlif sektaları özündə birləşdirən ərəb mədəniyyətinin və identikliyinin başlıca faktor olduğu vurğulanır. Ancaq bunu da birmənalı şəkildə söyləmək doğru sayılmaz.

Məsələ ondadır ki, İran Suriya böhranının timsalında özünün regional hücum siyasətini ortaya qoydu. Əgər indiyədək İİR-ə qarşı digər müsəlman ölkələrin ictimai rəyi dövlətin mövqeyi ilə üst-üstə düşmürdüsə və müsbət idisə, Suriya münaqişəsi nəticəsində gözə görünən cəhət İranın təkcə müdafiə kursu götürməməsi, siyasi oyunlara və ambisiyalara baş vurmasıdır. Üstəlik İranın nüvə proqramı da var. Maraqlıdır ki, 2006-cı ildə region əhalisinin əhəmiyyətli hissəsi İİR-in nüvə proqramını Qərbə müqavimət kontekstində dəyərləndirirdi. Hazırda isə proqram dəstək qazanmır. Ərəb və müsəlman ölkələri əhalisinin çoxu hesab edir ki, Tehran atom bombası hazırlamağa can atır. Müvafiq olaraq İslam Respublikasına qarşı sanksiyalar da ictimai rəydə dəstək qazanır.

Bununla belə amerikalıların apardıqları sorğuların nəticələri göstərir ki, ərəb və müsəlman ölkələri əhalisinin çoxu İrana münasibətdə hərbi güc tətbiqinin əleyhinədir. Ancaq məsələyə baxışda da əvvəlki illərlə müqayisədə fərqliliklər yaranıb. Nüvə proqramından əl çəkməsə, İİR-ə qarşı zərbələrin endirilməsinin məqbul variant sayıla biləcəyini deyənlərin faiz göstəricisi artıb.

Deməli, sonda belə nəticəyə gəlmək mümkündür ki, indiyədək ərəb və ümumilikdə müsəlman dünyası İranı ABŞ-ın və İsrailin hərəkətləri prizmasından dəyərləndirib. Tehranın regiondakı hərəkətləri, o cümlədən daxili repressiyaları heç vaxt bəyənilməyib və ictimai rəydə özünə anti-demokratik təmayül kimi yer tapıb.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə