SSRİ-yə nifrət, Rusiyaya zillət - 85 yaşı tamam olan Bjezinskinin həyat yolu

Məşhur ABŞ diplomatı və ictimai xadimi, uzun illər ölkənin milli təhlüksizlik üzrə müşaviri vəzifəsini tutmuş Zbiqnev Bjezinskinin bu günlərdə 85 yaşı tamam olur. Məlumdur ki, Bjezinski SSRİ-yə, sonra Rusiyaya münasibətdə mənfi fikirləri ilə seçilmiş şəxsdir. O da məlumdur ki, diplomatın bütün siyasi nəzəriyyəsi rusfobiya üzərində köklənib. Bjezinskinin qlobal miqyaslı siyasi proseslərə birbaşa təsiri barədə isə indinin özündə də əfsanələr dolaşmaqdadır.

Zbiqnev Kazimej Bjezinski 1928-ci il mart ayının 28-də anadan olub. Onun dünyaya gəldiyi tarix dəqiqdir, ancaq yer müəmmalıdır. Rəsmi tərcümeyi-halında diplomatın Varşavada anadan olduğu bildirilir. Ancaq belə bir qəti iddia var ki, o, Xarkovda doğulub. Bildirildiyinə görə, həmin illərdə atası Tadeuş Bjezinski bu şəhərdə yerləşən Polşa konsulluğunda işləyirmiş. Daha bir ehtimalda isə ABŞ-ın xarici siyasət memarının o zaman Polşa ərazisi sayılan Lvovda dünyaya göz açdığı önə çəkilir.

Z.Bjezinski Polşanın məşhur maqnat nəslindəndir. Onun əcdadları Berejan şəhəri (hazırda Ukraynanın Ternopol əyaləti) yaxınlığında məskunlaşıb. Maraqlıdır ki, Zbiqnevin mənsub olduğu nəslin nümayəndələri də həmişə Rusiyaya, ruslara və pravoslavlara düşmənçilik ruhunda olublar. Buna görə də Bjezinskinin bir zamanlar qərbi Ukraynanın SSRİ-yə birləşdirilməsini özünün şəxsi faciəsi kimi dəyərləndirməsindən təəccüblənmək lazım deyil. Əslində bu tarixi olay gələcək diplomatın rus və sovet adı daşıyan hər şeyə pataloji nifrətinin mənbəyidir.

1938-ci ildə Zbiqnevin ailəsi Kanadaya yola düşür və bir daha vətənə geri dönmür. Bjezinski isə tədricən Polşa dilini yaddan çıxarır və kitablarını ingiliscə yazmağa başlayır. Bakalavr və magistr dərəcəsini Monreal ştatında yerləşən Makhilka Universitetində alır. Fəlsəfə doktoru elmi dərəcəsinə Harvard Universitetində yiyələnmiş Zbiqnevin həyatında 1958-ci il xüsusi yadda qalan səciyyə daşıyır. Həmin il ona ABŞ vətəndaşı pasportu verilir. Bu hadisə Bjezinskinin daimi olaraq Kanadada yaşadığı dönəmdə baş verir. Və hələ də müəmmalıdır ki, Zbiqnev hansı müstəsna xidmətlərinə görə Birləşmiş Ştatların vətəndaşlığına qəbul edilib.

1953-1960-cı illərdə Harvard Universitetinin Rusiya Tədqiqatları Mərkəzində dərs demiş Bjezinski 1961-ci ildə Kolumbiya Universitetinin kommunizm məsələləri üzrə institutunda rəhbərliyə başlayır. Həmin illərdə Şərqi Avropadan köçmüş şəxslərlə tanışlıq yaradır. Onların içərisində gələcək həyat yoldaşı Emiliya Beneşə də rast gəlmək mümkündür. Xanım Beneş Çexoslovakiya prezidenti Edvard Beneşin qohumu olub. Yeri gəlmişkən, Emiliya Beneş-Zbiqnev Bjezinski izdivacı nəticəsində dünyaya üç uşaq gəlir.

Ötən əsrin 60-cı illərinin ortaları. Bjezinski kommunizmlə mübarizə sahəsində strategiyanı və Amerikanın dünya hegemonluğu konsepsiyasını hazırlayır. Onun baxışları ölkə elitası içərisində populyarlıq qazanmağa başlayır və bu cəhət dövlət idarəçiliyinin ən yüksək kluarlarının da diqqətindən yayınmır. Con Kennedi və Lindon Consonun prezidentliyi dönəmində müşavir postunu tutmuş Bjezinski SSRİ-yə münasibətdə kifayət qədər sərt kursun yeridilməsinin tərəfdarı kimi çıxış edir. Ancaq heç də həmişə diplomatın dediklərinə diqqət yetirilmir. Məsələn, 1968-ci ildə sovet hərbi birləşmələri Çexoslovakiyaya daxil olanda ABŞ ikinciyə kömək göstərmək məqsədilə hər hansı addım atmır. Halbuki Bjezinski bunu inadla tələb edirdi.

Z.Bjezinski özünün siyasi taleyini Demokratlar Partiyası ilə bağlayır. 1970-ci illərin birinci yarısında Respublikaçılar Partiyasından olan prezident Riçard Nikson SSRİ-yə münasibətdə yumşalma siyasətini həyata keçirəndə Zbiqnevin sərt tənqidləri ilə üzləşir. 1976-cı ilin prezident seçkisi dönəmində Bjezinski demokratların prezidentliyə namizədi Cimmi Karterin xarici siyasət məsələləri üzrə əsas müşavirlərindən olur. Karter Ağ Evə ayaq basır və Zbiqnev karyerasının ən yüksək zirvəsinə çatır - dövlət başçısının milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunu tutur.

Ağ Evdə keçirdiyi dörd il (1977-1981) ərzində Bjezinski xarici siyasətin bir istiqamətini təsəvvürə gətirir - SSRİ-nin zəiflədilməsi. O bu məqsədlə Mərkəzi Kəşfiyyat İdarəsinin Sovet İttifaqını iri münaqişələrə cəlb etməklə bağlı məxfi proqramının əsas ilhamvericisinə çevrilir. Əfqanıstanda müharibə başlayar-başlamaz prezident Karterə yazır: «İndi bizim Sovet İttifaqına Vyetnam müharibəsini göstərmək şansımız yaranıb».

Bjezinski haqqında bəhs etdiyi şansın əldən çıxmaması üçün hər cür planlara baş vurur. Əfqan mücahidlərinin dəstəklənməsi ideyasını irəli sürür və qətiyyən düşünmür ki, bu addımı yekun nəticədə «Taliban» adlı radikal hərəkatın meydana çıxmasına gətirəcək. Sonralar, daha dəqiq desək, 1990-cı illərin sonlarında sözügedən qruplaşmanın terror toxumu səpdiyi bir dönəmdə belə deyəcəkdi: «Nəyə görə təəssüflənməliydim? Bu gizli əməliyyat gözəl ideya idi. Nəticədə ruslar əfqan tələsinə düşdülər. Siz istəyirsiniz ki, buna görə peşman olum? Dünya tarixi üçün hansı daha vacibdir - «Taliban», yoxsa Sovet imperiyasının süqutu?»

1981-1993-cü illərdə ABŞ prezidentləri respublikaçılar Ronald Reyqan və böyük Corc Buş olur, ancaq demokrat Bjezinski onların da karına gəlir. Reyqan diplomatı ABŞ Milli Təhlükəsizlik Şurasının uzun müddətli strategiya ilə bağlı komissiyasının (1987-1988) və xarici kəşfiyyat üzrə Prezident Şurasının tərkibinə daxil edir (1987-1989). Sonra Şərqi Avropada sosializm süquta uğrayır. Əlbəttə, tam mənada demək olmaz ki, bütün bunlar Bjezinskinin hazırladığı planla əlaqədar idi. Böhranda başlıca motiv daxili amillərə söykənirdi. Ancaq diplomatın ssenarisi baş verməsi qaçılmaz xarakter daşıyan prosesləri xeyli sürətləndirir və onun tarixdə qalacaq ən böyük xidməti də bəlkə məhz bununla əlaqədardır.

Artıq 20 ilə yaxındır ki, Bjezinski heç bir rəsmi vəzifə tutmur. Ancaq Birləşmiş Ştatların xarici siyasət məsələləri üzrə məsləhətçisi kimi qalmaqdadır. Bundan başqa Bjezinski bir çox təşkilatların idarə heyətinə daxil olub. Bu qurumların içərisində Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzini, Amerika-Ukrayna Məşvərət Komitəsini, «Freedom House»u, Demokratiyaya Milli Dəstək Fondunu, Çeçenistanda sülh üzrə Amerika Komitəsini və digərlərini göstərmək mümkündür. Maraqlıdır ki, ötən müddətdə Bjezinski Rusiyanın da düşməni olaraq qalmaqdadır.

Bjezinski vaxtilə ABŞ prezidenti Bill Klintonu Bosniya serblərinə qarşı yumşaq davranmaqda günahlandırıb. Görünür, NATO-nun ora atdığı bombaların azlıq etdiyi qənaətindəymiş. 1999-cu ildə sabiq Yuqoslaviyanın bombalanmasını, 2011-ci ildə Liviyadakı müharibəni müsbət qarşılayır. Ukraynada «narıncı inqilab»ın, Gürcüstanda «məxməri inqilabı»ı dəstəkləyir. Rusiyanın Çeçenistanla bağlı siyasətini sərt tənqid edir.

Bütün bunlarla yanaşı, Bjezinski İraq və Əfqanıstandakı əməliyyatlara, ümumən kiçik Corc Buşun Yaxın Şərq siyasətinə tənqidi yanaşır. Onun baxışlarına görə, loru desək, heç də həmişə İsrail lobbisinin dediyi ilə oturub-durmaq lazım deyil. Ardınca belə düşünmək mümkündür: Bjezinskinin fikrincə, İraqdakı müharibə Amerikanı əsas məqsəddən, yəni Rusiyanı sıradan çıxarmaq missiyasından uzaqlaşdırdı. Çinə gəldikdə isə, diplomat uzun müddət kommunist ölkəsini dost adlandırmasa da, tərəfdaş sayıb. O, prezidentin müşaviri postunu tutduğu vaxtlarda SSRİ ilə mübarizə aparmaq üçün Çinlə yaxınlaşmaq yolu tutub.

Rusiyada hələ də hesab edirlər ki, Bjezinski ABŞ-ın xarici siyasət konturlarını müəyyənləşdirən şəxsdir və bu şəxs haqqında az qala əfsanələr dolaşmaqdadır. Ancaq görünən odur ki, istər kiçik Corc Buş, istərsə də Barak Obama administrasiyası Bjezinskinin xəttinə üstünlük verməyib. Deyilənə görə, diplomatın istəkləri tam şəkildə reallaşdırılsaydı, dünyanın halını təsəvvürə gətirmək çox çətin olardı.

Bjezinski özünün «Böyük şahmat lövhəsi: Amerikanın hegemonluğu və geostrateji hədəfləri» kitabı ilə də məşhurdur. Yeri gəlmişkən, bu nəşri çoxları geosiyasət sahəsində dərslik kimi dəyərləndirir. Kitabda diplomat Birləşmiş Ştatların nəyə görə dünyada hegemon qüvvə kimi qalmasının vacibliyinə aydınlıq gətirir. Ümumən o, digərlərinin düşünüb, ancaq dillərinə gətirmədiklərini açıqca bildirməsilə fərqlənir. Bu mənada diplomatın müxtəlif illərdəki çıxışları və aforizmləri diqqət çəkicidir. Məsələn, SSRİ-nin süqutunu eşidərkən o demişdi: «İndi bizim bir düşmənimiz qaldı - pravoslav kilsəsi».

Onu da demək lazımdır ki, Bjezinski son zamanlar özünün anti-Rusiya tonunda bir qədər yumşalmalar edib. Bu cəhətə diqqət yetirmək üçün diplomatın 2012-ci ildə çapdan çıxmış yeni kitabının məzmunu barədə dediklərini xatırlamaq kifayətdir: «Çox güman, biz dünyaya nümunə olmağı bacarmadıq. Çünki dünya daha müxtəlif və çətin oldu… Bir millət olaraq başqa cür hərəkət etməli olduğumuzu anlamalıyıq. Koalisiyalarımızı bərpa etməliyik. Məhz buna görə də mən Rusiyanın və Türkiyənin iştirakı ilə yenilənmiş Qərb haqqında yazdım».

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə