Quantanamo məhbusunun dəhşət dolu hekayəsi

«Məni burun deşiyimdən xüsusi boru vasitəsilə yedizdirdikləri zaman keçirdiyim ilk təəssüratı heç zaman unutmayacam»

ABŞ-ın nüfuzlu «Nyu-York Tayms» qəzetinin yazdığına görə, Yəməndən olan Samir Naci əl-Həsən Mokbel 2002-ci ildən ABŞ-ın Kuba ərazisində yerləşən Quantanamo həbs düşərgəsində saxlanılır. Məhbus öz hekayəsini «Reprieve» hüquqi xeyriyyə təşkilatının vəkilinə telefon vasitəsilə danışıb. Yəmənlinin söylədikləri 2010-cu ildə bağlanacağı deyilən, amma hələ də fəaliyyət göstərən Quantanamo həbsxanasının dünya ictimaiyyətinə artıq bəlli olan dəhşətlərini bir daha ortaya qoyur.

«Burada bir adamın çəkisi 35 kiloqramdır. Başqasınınkı 45. Axırıncı dəfə bir ay öncə çəkəndə 60 kiloqram idim. Fevralın 10-da aclıq elan etdim. Həmin vaxtdan 14 kiloqram arıqlamışam. Ləyaqət hissimi qaytarmayınca yemək yeməyəcəm. 11 il 3 aydır məni Quantanamoda saxlayırlar. Bir dəfə də olsun hansı cinayəti işlətdiyimi deməyiblər, mühakimə olunmamışam, heç bir məhkəmə prosesi keçirilməyib.

Hələ bir neçə il öncədən də evimə dönə bilərdim. Çünki heç kəs məni təhlükəli saymırdı. Ancaq buradayam. Bir müddət öncə hərbçilər bildirdilər ki, mən Üsamə Ben Ladenin mühafizəçisi olmuşam. Bu, ağ yalandır. Baxdığım Amerika filmlərindəki kimi yalandır. Artıq özləri də buna inanmırlar. Amma onlar üçün burada nə qədər qalacağımın fərqi yoxdur.

Yəməndə yaşayanda dostlarımdan biri ölkəmdə ayda qazandığım 50 dollardan dəfələrlə artıq pulu Əfqanıstanda qazana biləcəyimi dedi. Həmin vaxtadək Əfqanıstan barədə nə eşitmiş, nə də oranı görmüşdüm. Cəhd etmək qərarına gəldim. Görünür, səhvə yol vermişəm. Əfqanıstanda heç bir işim olmadı. Geri qayıtmaq istədim, amma bilet almaq üçün pulum qalmamışdı. Yəmən səfirliyinə müraciət etmək istəyəndə həbs olundum. Sonra məni Qəndahara gətirdilər və ilk reyslə Quantanamoya göndərdilər.

Martın 15-də xəstələndim. Məni həbsxananın xəstəxanasına yerləşdirdilər. Ancaq yeməkdən boyun qaçırdım. Belə olduqda bir qrup hərbi geyimli şəxs yatdığım palataya soxuldu. Əllərimi tutaraq damarıma xüsusi preparatlar yeritdilər. Bədənimin müqavimətim artırmaq istəyirdilər.

Çarpayıya bağlı halda 26 saat keçirdim. Bu müddət ərzində mənə tualetə getməyə də imkan vermədilər. Bayıra üzərimə qoyduqları xüsusi kateter vasitəsilə çıxırdım. Çox ağır və lazımsız proses idi. Hətta dua etməyimə də icazə vermirdilər.

Məni burun deşiyimdən xüsusi boru vasitəsilə yedizdirdikləri zaman keçirdiyim ilk təəssüratı heç zaman unutmayacam. Bunun nə dərəcədə ağrılı olduğunu təsvir edə bilmərəm. Onlar borunu daha dərinə soxmağa çalışırdılar. Ürəyim bulanırdı, ancaq heç nə edə bilmirdim. Hər yerim ağrıyırdı. Heç kəsə belə qəddar rəftarı arzulamıram. Bir dəfə borunu yarım metrə qədər içəri soxmuşdular. Harasa tələsirdilər deyə əlavə vaxt itkisinə yol vermək istəmirdilər. Ağrım əvvəlkindən qat-qat artıq idi. Yeməyin də bir hissəsi paltarıma töküldü. Xahiş etdim ki, dəyişsinlər, ancaq dəyişmədilər.

İndiyədək də zorla yedizdirirlər. Gün ərzində iki dəfə kameramdakı stula bağlayırlar. Hər dəfə də gözlənilmədən gəlirlər. Hərdən axşam saat 11-dən sonra peyda olurlar. Yuxudan oyadırlar və «işlərini» görürlər. Aclıqda o qədər çox adam iştirak edir ki, zorla yedizdirmək üçün lazım olan ixtisaslı tibbi personalları çatışmır. Buna görə də sutkanın hansı vaxtlarında oldu yedizdirirlər.

Məni burada saxlayan yeganə səbəb prezident Barak Obamanın məhbusları Yəmənə geri qaytarmaq istəməməsidir. Bu yersizdir. Mən insanam və mənimlə insan kimi davranmalıdırlar. İstəmirəm burada ölüm. Amma Obama və Yəmən prezidenti bir şey etməsələr, ölüm təhlükəsini hər gün yaşamaqda davam edəcəm. Azadlığıma qovuşmaq, evimə qayıtmaq üçün hər nə desəniz edərəm. Hazırda 35 yaşım var. Yalnız doğmalarımı görmək və öz ailəmi qurmaq istəyirəm.

Buradakı vəziyyət isə çox gərgindir. Bütün məhbuslar böyük əzad keçirirlər. 40-dən artıq adam aclıq edir. İnsanlar hər gün tükənir. İçi mən qarışıq hamımız qan qusuruq və bizim həbs müddətimizin sonu görünmür. Aclıq etməyə də buna görə qərar vermişik. Hər gün həyatımızı təhlükəyə atırıq. Ancaq məndə inam var ki, çəkdiyimiz ağrılar dünyanın Quantanamoya diqqət yetirməsilə nəticələnəcək».

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə