Boston terroruna fərqli baxış: ABŞ cihad tərəfdarlarının da vətənidir

 

Radikallaşmanın inteqrasiyanın zəifliyindən irəli gəlməsinə dair mülahizələr yanlışdır. Bostondakı terror aktı bunu növbəti dəfə təsdiqlədi. Təhlükəsizlik Məsələlərinin Öyrənilməsi Mərkəzinin əməkdaşı, politoloq Lorenso Vidino İsveçrənin «Le Temps» qəzetində dərc etdirdiyi məqaləsində belə deyir.

Politoloqun sözlərinə görə, dəhşətli partlayışlardan sonra Bostonun şəhər ab-havasına qayıtdığı hazırkı vaxtda gündəmə iki sual çıxır və onların hər ikisi də belə demək mümkünsə, normallıq konsepsiyasıyla əlaqədardır. «İstər ABŞ-dan, istərsə də dünyanın bir çox ölkələrindən olan icmalçılar eyforiyanın təsiri ilə Bostondakı hücumu 2001-ci ilin 11 sentyabr dəhşətilə müqayisə etməyə başladılar. Ancaq şəhərdəki idman yarışı zamanı həlak olmuş və yaralanmış insanlara görə hiss etdiyimiz hiddət hissi bizi proporsional düşünməkdən yayındırmamalıdır. On illiklər ərzində İspaniyadakı ETA, Britaniyadakı İrdandiya Respublikaçı Ordusu kimi terrorçu təşkilatların nümayəndələri, eləcə də digər ekstermist qruplaşmaların üzvləri bütövlükdə Qərb dünyasında Bostondakına bənzər mindən artıq terror aktı gerçəkləşdiriblər. İndiki hal da dəhşətli olsa da, normaldır. Normaldır demək o anlama gəlməsin ki, faktla barışmaq, yaxud passiv qarşılamaq lazımdır. Açıq və demokratik cəmiyyətlərdə terrorizm qarşısında zəiflik göstərmək acı reallıqdır. Bu tendensiyanın aradan qalxması istiqamətində tədbirlər görülməlidir. Təbii ki, cinayətkarların tutulub məsuliyyətə cəlb edilməsi də gerçəkləşdirilməlidir. İkinci qəbuledilməz normallıq bundan ibarətdir ki, Bostonda partlayışdan sonra hələ onu törədənlərin çeçen mənşəli Çarnayev qardaşlarının olduğu müəyyənləşdirilməyənədək cəmiyyətdə müxtəlif fikirlər səsləndirilirdi. Cinayəti ağ dərili adamın yaxud, xaricinin, yəni cihad tərəfdarının həyata keçirdiyi bildirilirdi. Xüsusən də ikinci variant məsələyə geniş yanaşma tərzinin istisnalılığından xəbər verir. Çünki ABŞ-ın özündə də son illər yüzlərlə cihad tərəfdarı yetişib və son dövrlər onların müəyyən hissəsi həbslə üzləşib», - deyən politoloqun toxunduğu maraqlı məqamlardan biri də belə demək mümkünsə, Amerika cihadçılarının müxtəlif aspektlər üzrə Birləşmiş Ştatların köklü sakinlərindən olduqlarını vurğulamasıdır: «Onlar ABŞ-da doğulublar və böyük ehtimalla təhsil də alıblar. Radikallaşmaları da vətəndə baş verib. Bu, internetin və ya yerli radikal qruplaşmaların təsirilə gerçəkləşib. Bəziləri müsəlman kimi doğulublar və əslən Yaxın Şərqdən, Balkanlardan və ya Somalidəndirlər. Onlar Avropadakı qardaşları kimi Pakistan, Somali və Yəməndəki qruplaşmalara qoşulur və birgə döyüşlərə atılırlar. Çarnayev qardaşlarından böyüyü çox güman, bir müddət öncə Qafqazda olub. Yəqin buna görədir ki, Rusiya hakimiyyəti Federal Təhqiqatlar Bürosuna müraciət edərək onu gözdən qoymamağa çağırıb».

Lorenso Vidinonun bildirdiyinə görə, Avropada hesab edirlər ki, əhalinin çox kiçik qismi cihadçı ideologiyaya inanır. Heç kəs ABŞ-da bu ideologiyanın artım dinamikasına diqqət yetirmir. Amerika ictimai rəyi həqiqəti görməkdə çətinlik çəkir. Onların fikrincə, radikallaşma yalnız Avropa müsəlmanları üçün xarakterikdir. Amerika müsəlmanlarına gəlincə, bu qisim ekstremist baxışlardan uzaq, təhsil görmüş və cəmiyyətə inteqrasiya olunmuş şəxs kimi təqdim edilir. «Çarnayev qardaşları ilə bağlı məsələ göstərdi ki, belə baxışlar yanlışdır. Radikallaşma heç də inteqrasiyanın zəifliyindən irəli gəlmir».

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə