Putinlə Ərdoğanı birləşdirən nə(lər)dir? (PRİZMA)

 

Müxtəlif ölkələrdə ilk baxışdan oxşar olduğu nəzərə çarpan hadisələri dəyərləndirərkən ehtiyatlı olmaq lazımdır. Bu fikirlər nüfuzlu «Finanşl tayms»ın eksperti Markus Svedberqə məxsusdur. Ancaq ekspertin qənaətincə, hazırda Türkiyədə baş verən və bir müddət öncə Rusiyada yaşanan hadisələr arasında oxşarlıq var. Həm Rusiya prezidenti Vladimir Putin, həm də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan on ildən artıqdır hakimiyyətdədirlər və onlar hakimiyyətlərini davam etdirmək istəyirlər. Putin konstitusiyanı pozmamaq üçün hazırkı baş nazir Dmitri Medvedyevlə yerini dəyişdi. Ərdoğan isə öz hakimiyyətini saxlamaq naminə əsas qanuna dəyişiklik etmək istəyir.

M.Svedberq bildirir ki, hər iki lider özlərini ötən əsrin 90-cı illərində siyasi və iqtisadi xaos keçirmiş ölkələrə xidmət edən qismində görür. Onların hər ikisini həddən artıq avtoritar olmaqda günahlandırırlar. Amma istər Türkiyədə, istərsə də Rusiyada müxalifət zəifdir və parçalanmış vəziyyətdədir (Türkiyədə nisbətən institutlaşmış olsa da). Bu ölkələrdə narazı kütlə gənclərdən ibarətdir və əsasən şəhərlərdə yaşayır. Böyük anlamda isə Türkiyədə və Rusiyada etiraz edənlər orta sinfin nümayəndələridir. Mövcud qruplar heç də əvvəllər siyasi təmayüllü olmayıblar. Onlar vətəndaş hərəkatının üzvləridirlər. Demək olmaz ki, siyasi cəhətdən fəaldırlar və onlayn şəkildə təşkilatlanıblar.

M.Svedberqin fikrincə, istər Türkiyədə, istərsə də Rusiyada etirazçılar çoxluğa malik deyillər və onlar hazırkı hakimiyyətlərə qarşı alternativlər ortaya qoya bilmirlər. Mövcud labirintdə Putin və Ərdoğan bəlkə də özlərinin populyarlıqlarını itiriblər, ancaq bu adamlar Rusiyanın və Türkiyənin bütün siyasətçilərindən daha etibarlı sayılırlar. «Müəyyən mənada həm Putin, həm də Ərdoğan öz uğurlarının qurbanına çevriliblər. On il öncə hakimiyyətə gələrkən vacib olan hr şeyi ediblər. Həmin vaxt Rusiyanın və Türkiyənin iqtisadiyyatını sabitləşdirmək üçün intervensionist dövlətə ehtiyac var idi. Ancaq Putinlə Ərdoğan dövlət rıçaqlarını bir addım geriyə çəkməli, dominant mövqe tutmaqdansa, xalqla həmahəng işləməlidirlər. Bu asan iş olmaya bilər, ancaq yarı yolda qalmaq istəmirlərsə, başqa çarələri yoxdur», - deyən ekspert fikrinə aydınlıq gətirib.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə