Həsən Ruhani: diplomat din xadiminin prezidentlik zəfəri

İranda baş tutmuş prezident seçkisindəki altı namizəd içərisində yeganə din xadimi olan 64 yaşlı Həsən Ruhani ölkənin yeni dövlət başçısıdır. İslahatçı əhval-ruhiyyəli şəxs kimi tanınan yeni prezidenti rejimin əleyhidarı kimi dəyərləndirsələr də, onu liberal və ya Qərb yönümlü saymaq mümkünsüzdür. Çünki hazırkı İranda belələrini seçkiyə buraxmırlar.

Seçki kampaniyası dövründə Həsən Ruhani ölkənin eks-prezidenti «İranın Qorbaçovu» adlandırılan Məhəmməd Hatəminin (1997-2005) rəhbərlik etdiyi islahatçıların dəstəyinə arxalandı. Ona eyni zamanda ruhaniyyət içərisində böyük nüfuza malik İran Məclisinin keçmiş spikeri, seçkidə iştirakına yol verilməyən Əkbər Haşimi Rəfsəncani də böyük köməklik göstərirdi.

Təbliğat-təşviqat dövründə Həsən Ruhani ölkənin demək olar, hər yerinə səfər etdi, çoxlu sayda kütlənin qarşısında çıxış etdi. Çıxışlarında siyasi məhbusları buraxacağına, vətəndaş huquqlarını xalqa geri qaytaracağını vurğuladı. O, mitinqlərdə və tele-debatlarda əvvəl qadağan edilən mövzulardan danışdı. Nüvə proqramı üzrə dünya ictimaiyyətinə müqavimət göstərməkdən, ölkənin beynəlxalq təcridindən, sanksiyaların İran iqtisadiyyatına mənfi təsir göstərməsindən söz açdı.

Həsən Ruhaninin həyat yoluna gəldikdə, İslam Respublikasının yeni dövlət başçısı 12 noyabr 1948-ci ildə anadan olub. Siyasətdə heç də yeni adam deyil. Amma həmişə rəhbər yox, ekspert kimi fikirlər bildirməyə üstünlük verib. 1992-ci ildə İranın Ali dini rəhbəri yanında məşvərətçi qurum kimi fəaliyyət göstərən strateji tədqiqatlar mərkəzinə başçılıq edib. İki dəfə vitse-spiker postunu tutduğu İran Məclisinə seçilib. 1989-2005-ci illərdə ölkənin Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. Diplomatik təcrübəyə malik Ruhani prezident Hatəminin hakimiyyəti illərində İranı nüvə problemi ilə bağlı danışıqlarda təmsil edib.

Həsən Ruhani liberal baxışları ilə yanaşı, sərt fikirləri ilə də yadda qalıb. Məsələn, o, 1999-cu ildə tələbələrin liberal qəzetin bağlanmasına etiraz etdikləri bir vaxtda bildirdi ki, günahkarlar ölüm cəzasına məhkum olunmalıdırlar. Ancaq 2009-cu ildə ölkədə baş tutmuş prezident seçkisində saxtakarlığa yol verilməsi ilə bağlı nümayişlər keçirilərkən vətəndaşların öz etirazlarını dinc yolla bildirmək hüququna malik olduqlarını vurğuladı.

İranın əvvəlki prezidenti Mahmud Əhmədinecatı mütəmadi şəkildə tənqid edən Ruhani bildirirdi ki, dövlət başçısı məsuliyyətsiz və düşünülməmiş bəyanatları ilə ölkəyə ziyan vurur.

Qeyd edək ki, İranın yeni prezidenti şiə ruhaniləri içərisində yüksək təhsil səviyyəsilə də seçilir. Şotlandiyanın Qlazqo şəhərindəki Kaledon Universitetində doktorluq dissertasiyası müdafiə edib. Ərəb, ingilis, fransız, alman və rus dillərini bilir.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə