Britaniya Suriyaya silah satırmış (ŞOK)

 

Böyük Britaniyanın İcmalar Palatasının silah ixracına nəzarət üzrə komitəsinin məlumatlarına görə, Birləşmiş Krallıq insan hüquqlarının pozulduğu kimi qeyd edilən ölkələrə silah satışını həyata keçirib. Mövcud istiqamətdəki müqavilələrin ümumi dəyəri 14 milyard avro təşkil edib.

Parlament komitəsinin məruzəsində eyni zamanda bildirilib ki, son iki ildə Britaniya Suriyaya natri-ftorid maddəsini də satıb. Həmin maddədən kimyəvi silahın hazırlanmasında istifadə olunur. Bundan başqa Suriyanın Bəşər Əsəd rejimi Birləşmiş Krallığın istehsalı olan hərbi avtomobillər, hidrolokatrlar və sair avadanlıqlar da əldə edib.

Britaniya hökuməti bütün bunlara cavab olaraq bildirib ki, ölkənin satdığı silahlar heç bir halda daxili repressiyaların güclənməsi məqsədləri ilə verilməyib. Ancaq məlumdur ki, dünyanın insan hüquqlarının pozulması baxımından müəyyənləşdirilmiş «qara siyahı»sındakı 27 ölkədən yalnız ikisi - Cənubi Sudan və Şimali Koreya Britaniyadan silah almır. Təkcə İranın Birləşmiş Krallıqla 62 müqaviləsi var ki, həmin sənədlər kriptoqrafik avadanlıqların satılmasını nəzərdə tutur. Avropanın qoyduğu embarqo heç bir halda Çinə Britaniyadan 1,4 milyard funt məbləğində silah almağa maneçilik törətməyib. Maraqlıdır ki, Böyük Britaniyadan hərbi məqsədli avadanlıqlar alanlar içərisində Rusiyanın da adı var.

Bütün bu statistik məlumatları nəzərdən keçirən Britaniyanın keçmiş müdafiə naziri Con Stenli mətbuata açıqlamasında təəccübünü maraqlı şəkildə ifadə edib: «Əvvəl elə bildim, rəqəmlərin yanındakı sıfırlar səhv düşüb».

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə