İraq İrana qarşı kimyəvi silahdan istifadə edib, ABŞ isə susub (İDDİA)

Solda - İraqın keçmiş rəhbəri Səddam Hüseyn; sağda ABŞ-ın eks prezidenti Ronald Reyqan
Solda - İraqın keçmiş rəhbəri Səddam Hüseyn; sağda ABŞ-ın eks prezidenti Ronald Reyqan
Və ya İran-İraq müharibəsində dönüş necə yaranıb?

 

Suriya lideri Bəşər Əsədin üsyançılarla mübarizidə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq ABŞ-ın Suriyayla hərbi əməliyyatlara başlaya biləcəyinə dair iddialar səslənməkdədir. Məhz belə bir vaxtda məlum olub ki, Birləşmiş Ştatlar administrasiyası ötən əsrin 80-ci illərində baş vermiş İran-İraq müharibəsi zamanı ikincilərin birincilərə qarşı kimyəvi silahdan istifadəsinə göz yumubmuş. Bu barədə məqalə nüfuzlu «Foreign Policy » jurnalında dərc olunub.

Məqalədə bildirilir ki, 80-ci illərin sonunda ABŞ kəşfiyyatı indi Suriyada tətbiq edildiyi iddia olunan qazdan qat-qat ağır nəticələrə gətirmiş hücumdan xəbərdar olub. Hətta İraqın o zamankı lideri Səddam Hüseynə məxsus qüvvələrə həmin vaxtadək müharibədə ciddi uğurlar qazanmış İran ordusu barədə müfəssəl məlumatlar ötürüb. Həmin məlumatlar sayəsində tətbiq edilmiş kimyəvi silah müharibədə İraqın xeyrinə dönüş yaradıb. İran İslam Respublikasının hərbçiləri əsasən əsəb-iflic yaradan qaz nəticəsində məğlubiyyətə uğradılıblar. Nəticədə İran ordusu Bəsrə yaxınlığında ağır məğlubiyyətə uğradılıb. Bununla bağlı materiallar Mərkəzi Kəşfiyyat İdarəsininin məxfi sənədlərində də əksini tapıb.

Məqalə müəllifləri bildirirlər ki, əgər həmin vaxt Səddam Hüseyn kimyəvi silaha əl atmasaydı, İraq məğlub olacaqdı və bu, Birləşmiş Ştatların prezidenti Ronald Reyqan üçün də məğlubiyyət anlamına gələcəkdi. Buna görə də ABŞ özünün 1975-ci ildə ratifikasiya etdiyi və müharibədə kimyəvi silahdan istifadəni qadağan edən 1925-ci ilin Cenevrə protokoluna əhəmiyyətsiz yanaşıb. İran İraqın ona qarşı yolverilməz üsuldan istifadə etdiyini bilib. Sadəcə məsələni isbatlamaqda çətinlik çəkib. Birləşmiş Ştatlar isə bu barədə BMT səviyyəsində keçirilməsi planlaşdırılan müzakirələri müxtəlif diplomatik vasitələrlə əngəlləyib.

Qeyd edək ki, nüfuzlu jurnalda dərc olunmuş məqalədə vaxtilə SSRİ-nin də Əfqanıstanda kimyəvi silahdan istifadə etdiyinə dair iddia yer alıb.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə