Obamanın Suriyaya hücumla bağlı suala cavabı: «Mən Nobelə layiq deyiləm»

 

«Mən Nobel çıxışımda demişdim ki, bu mükafata layiq deyiləm. Müasir dünyanın çağırışlarının hamıya məlum olduğunu da bildirmişdim. Ancaq bəzən dünya zorakılıq və zülmdən ibarətdir. Belə səhnələrlə üzləşirik. Mövcud durumda məsuliyyətimizin nədən ibarət olmasına dair fikirlər gündəmə gəlir. Mən İraqdakı müharibəni dayandırdım. Əfqanıstandan hərbi birlişmələrin çıxarılmasını təmin etdim. Ancaq biz dünyada asayişi pozan qüvvələrə qarşı mübarizə aparmalıyıq. Ortada qaz hücumundan həlak olan 400 uşaq var. Hər gün neçə-neçə günahsız insan həyatını itirir». Bunları İsveçdə səfərdə olan ABŞ prezidenti Barak Obama keçirdiyi mətbuat konfransında İsveç Milli Televiziyasının müxbirinin «necə olur ki,həm sülh üzrə Nobel mükafatı laureatısınız, həm də Suriyaya hücum etmək istəyirsiniz» sualını cavablandırarkən deyib.

B.Obama eyni zamanda bildirib ki, ABŞ-ın missiyası müdafiəyə ehtiyacı olanları müdafiə etməkdir və bu, prezident kimi onun vəzifəsinin tərkib hissəsidir. Dünya ictimaiyyəti isə belə durumlarda ABŞ-ın nə edəcəyini gözləyir. Ruandada da, Liviyada da oxşar vəziyyət yaşanmışdı. Birləşmiş Ştatların dövlət başçısı həmçinin ölkə konqresinin Suriyaya hücumu dəstəkləyəcəyinə inandığını da dilə gətirib. «Ona görə belə düşünürəm ki, Amerika və amerikalılar hərbi əməliyyatlar aparmağın çətinliyini anlayırlar. Onlar onu da yaxşı bilirlər ki, bəzən beynəlxalq ictimaiyyətin beynəlxalq hüququ və qanunları müdafiə etməyə gücü yetmir. Əgər belə halların qarşısı alınmasa, yer kürəsi təhlükəsiz yer olmayacaq. Bəşəriyyətə qarşı cinayətlər törədənlər cəzasız qalacaqlar. Bu cür vəziyyətlər bəşəriyyət tarixində dəfələrlə təkrarlanıb. Hesab edirəm ki, insanlar beynəlxalq ictimaiyyətin belə hallara görə üzr istədikləri vaxtları yaxşı xatırlayırlar. Buna görə də mən ali baş komandan kimi məsuliyyəti üzərimə götürürəm», - deyən B.Obama konqresin və prezidentin Suriya məsələsində birlikdə işləməli olduğunu da vurğulayıb.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə