Türkiyədə İbad Hüseynovun adına park

Qaziantepin Şahinbəy bələdiyyəsi qəhrəmanımızı şərəfləndirib

Qardaş Türkiyədə Azərbaycanın milli azadlığının əldə olunması, ərazi bütövlüyünün qorunması uğrunda şücaətlər göstərən şəxslərin təbliğinə və igidliklərinin dəyərləndirilməsinə xüsusi önəm verilir. Bu günlərdə Qarabağ döyüşlərinin qəhrəmanı, «Azərbaycan Bayrağı» ordenli İbad Hüseynova Qaziantep şəhərinin bələdiyyəsinin Şahinbəy bələdiyyəsinin başqanı Mehman Tahmazoğlunun göndərdiyi məktub belə sayğının daha bir nümunəsi sayıla bilər.

Məktubda bələdiyyənin Kocaoğlan məhəlləsində salınmış parka türk dünyasının qəhrəman oğlu İbad Hüseynovun adının verildiyi, açılış mərasiminin avqustun 30-da saat 15.00-da düzənlənəcəyi bildirilir. Belə şərəfləndirmə Türkiyə Böyük Millət Məclisinin razılığından sonra təsdiqləndiyindən bunu Qarabağ döyüşlərinin bütün iştirakçıları üçün verilən yüksək qiymət saymaq mümkündür.

Mərasimdə Türkiyənin millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, media təmsilçiləri iştirak edəcəklər. Açılışa ölkəmizdən Milli Məclisin deputatları, jurnalistlər və İbad Hüseynovun döyüş yoldaşları qatılacaqlar.

Qeyd edək ki, bu, 45 yaşlı həmyerlimizin 2015-ci ildə Türkiyədə keçirəcəyi ikinci böyük fərəh hissi olacaqdır. Belə ki, aprelin 28-dən paytaxt Ankaranın Gölbaşı ərazisindəki küçələrdən biri kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş İ.Hüseynovun adını daşıyır. Çanaqqala zəfərinin 100 illik yubiley ərəfəsində baş tutan mərasim Azərbaycan-Türkiyə qardaşlığını təsdiqləyən növbəti addımlardan biri kimi yadda qalıb. Tədbir Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Calal Gözəlin təşəbbüsü ilə gerçəkləşdirilib. Mərasimə dövlət xadimləri, millət vəkilləri, iş adamları və media mənsubları qatılmışdılar.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə