Videolar - Stalin zəhərlənərək öldürülüb?

02.05.2012 | 1611 dəfə baxılıb

 

Martın 5-i 30 ildən çox SSRİ kimi super-dövlətə rəhbərlik etmiş İosif Vissarionoviç Stalinin ölüm günüdür. Uzun illər “millətlər atası”nın öz əcəliylə öldüyü bildirilsə də, bəzi məxfi arxivlərin açılması yeni versiyanı irəli sürdü: STALİN ZƏHƏRLƏNƏRƏK ÖLDÜRÜLÜB.

Ömrünün son günlərində sovet rəhbərinin yaxın silahdaşlarından olmuş Molotov xatirələrində yazırdı ki, Stalinin dəfn günü insanların gözü qarşısında ağlayan Lavrenti Beriya “səhnə arxası”nda açıq bildirirdi: “Bunu mən etdim və hamınızı ölümdən mən xilas etdim”.

Əgər Beriyanın dedikləri həqiqətdirsə, SSRİ Kommunist Partiyası Siyasi Bürosunun üzvləri ona minnətdar olmalı idilər, çünki Stalinin planına görə, SB-nin bütün üzvləri qısa müddətdə güllələnməliydi.

1952-ci ildə son dəfə iştirak etdiyi partiyanın qurultayındakı çıxışı zamanı Stalin KP-də parçalanmaların olduğunu açıq bildirmişdi və o, Molotov, Voroşilov və digər büro üzvlərinin adlarını xəyanətdə hallandırırdı. Ona görə də “kim birinci öldürüləcək” məsələsi gündəmə gəlmişdi: Siyasi Büronun üzvləri, yoxsa Stalin? Ehtimal ki, birincilər daha cəld tərpəndilər...

1953-cü il martın 5-i, Stalinin ölümündən bir saat əvvəl KP Siyasi Bürosunun, SSRİ Nazirlər Sovetinin və SSRİ Ali Sovetinin təcili birgə iclası keçirildi. 40 dəqiqə davam edən bu iclasda yekdil səslə Stalin hələ sağ ikən tutduğu bütün vəzifələrdən çıxarıldı...

“Zəhərlənmə əməliyyatının baş memarı” isə Lavrenti Beriya sayılırdı. Çünki yalnız onun rəhbərliyi ilə “NKVD”nin labarotoriyasında istənilən formada zəhərli maddələr hazırlamaq mümkün idi. Ehtimallara görə, Stalin də burada hazırlanan zəhərin qurbanı olmuşdu...

                                                                                                                                                                                                       168.az



168.az sosial şəbəkələrdə